Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

30.01.2017

    2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə sıx əlaqəli idi. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Beləki, o həmin institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institut onun adını daşıyır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edir. Həmin silsilə tədbirlər çərçivəsində Quba və Lənkəran şəhərlərində Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfranslar 2016-ci ilin dekabrın 27-də və 2017-ci ilin yanvarın 13-də keçirilmişdir. 27 yanvar 2017-ci ildə bu silsilə tədbirlərdən üçüncüsü Gəncə şəhərində keçirildi. Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açaraq qeyd etdi ki, xalqımızın adını uca edən şəxslər arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi yeri var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini Respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir. Əziz Məmmədkərim oğlu Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi böyük fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu institutun rektoru olmuşdur. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox, bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuş, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələri möhkəmləndirilmişdir.
    İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Milli kadrların adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerlaşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edildi.
    Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent,həm də dosent vəzifəsində çalışarkən Respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini Ə.M.Əliyev nəşr etdirdi.1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktroluq dissrtasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə,17-si isə tarixi və siyasi problemlərə aiddir.
    Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O, istər Azərbaycanda,istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən,səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir.
    1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsadəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılandı.
    Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.
    Artıq uzun illərdir institutumuzda Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransların keçirilməsi bir ənənə halı almışdır. Bu günkü konfransımız bu böyük şəxsiyyətin anadan olmasının 120-ci ildönümünə həsr edilmişdir və Azərbaycanımızın gözəl güşələrindən birində Gəncədə şəhər tibb ictimayətilə birgə keçirilir.
    Sonra konfransda dosent Elmira Qədimova, dosent Zemfira Quliyeva çıxış edərək Ə.Əliyevin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışdılar.
    Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi. Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı, mamalıq və ginekologiya kafedrasının assistenti Samirə Əkbərbəyova, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Həsən Əsədov, oftalmologiya kafedrasının assistenti Vəfa Aslanova təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.
    Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, Gəncə şəhəri Səhiyyə İdarəsinə rəisi professor Əlikram Məmmədovun rəhbərliyi ilə tibb ictimayətinin nümayəndələri iştirak etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX