20 Yanvar faciəsi

19.01.2017

    Azərbaycan xalqının istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətini və səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də bu haqsızlığın miqyasının heç bir ölçüyə sığmadığı, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur.
    1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törətdi. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusi ilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxartdı və böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Həmin gün 137 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsinə çevrildi.
    Həmin vaxtda Ümummilli lider Heydər Əliyev üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini bir daha göstərdi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskvadakı Azərbaycan nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatın doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Bununla da öz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə dəhşətli faciəyə kəskin etiraz səsini qaldıran Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ümummilli liderin qətiyyətli mövqeyi Respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında Sovet rəhbərliyinin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş və anneksiya siyasətinə qəti etirazını ifadə etmişdir. 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Çünki bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli lider dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Dövlət səviyyəsində layihələr hazırlandı. Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisələrin bütün təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi. Baş verənlərə obyektiv siyasi qiymət vermək çağırışı və təkidi ən çox Ümummilli lider Heydər Əliyevə məxsus idi. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Sübut olundu ki,qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq ugrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Ancaq bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyildiyi kimi XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
    Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezidentimiz İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir və daim nəzarətdə saxlayır. Hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyan dövlət başçımızın bildirdiyi kimi Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmış, ən ağır sınaqlara sinə gəlmək əzmini bütün dünyaya nümayiş etdirmişlər.
    Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildiyinə baxmayaraq həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı.Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.
    19 yanvar 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bütün kafedralarında dərslər 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş yığıncaqlarla başladı və həmin faciə qurbanlarının xatirəsi yad edildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX