Əməkdaşlarımız “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən
tibb işçiləri üçün” təlimdə iştirak etmişlər

16.06.2016

    Qadınlara və qızlara qarşı gender zorakılığı fiziki, psixoloji, seksual və reproduktiv sağlamlığa ciddi təsir göstərən daha çox geniş yayılmış insan hüquqlarının pozulmasıdır. Bu yaxınlarda keçirilmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2013-cü ildə nəşr olunmuş tədqiqatların nəticələrinə əsasən Avropada və Mərkəzi Asiyada ildə 25,4% qadın fiziki yaxud seksual zorakılığa məruz qalır.
    Səhiyyə sektoru gender zorakılığı hallarının aşkarlanmasında, həmin qadın və qızlara tibbi xidmətin göstərilməsində və zərərçəkmişlərin onlara kömək edəcək müəssisələrə (sığınacaqlar, psixoloji yardım mərkəzləri və ya ixtisaslaşdırılmış başqa tibb müəssisələri) göndərilməsində mühüm rol oynayır. Əslində zorakılığa məruz qalmışların əksəriyyəti üçün yardım və qulluq almaqdan ötrü ilk və çox vaxt yeganə addım-həkim qəbuluna gəlməkdir. Ona görə də gender zorakılığının qarşısını almaq və ona cavab vermək üçün tibb işçilərinin hazırlığının yaxşılaşdırılması olduqca əhəmiyyətlidir ki, zorakılığa məruz qalmış qadın və qızları aşkarlamağı və onlara dəstək göstərməyi bacarsınlar.
    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə BMT Əhali Fondu arasında “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardım göstərən tibb işçiləri üçün” 2015-ci il üçün illik iş planının icrasını təmin etmək məqsədilə 2014-cü ildə işlənib hazırlanmış “Şərqi Avropa və Mərkəzi Asiyada gender zorakılığına qarşı cavab tədbirlərində səhiyyə sisteminin daha fəal iştirakı” üzrə materiallar toplusu azərbaycan dilinə tərcümə edilmiş və yerli şəraitə uyğunlaşdırılmışdır. Bu metodik vəsait bilavasitə gender zorakılığından zərərçəkmişlərə xidmət göstərən tibb işçiləri üçün nəzərdə tutulmuşdur.
    Həmin metodik vəsaitin tibb işçiləri tərəfindən istifadəsinə dair 6-10 iyun 2016-cı il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzi BMT Əhali Fondu ilə birgə təlim keçirmişlər. Türkiyənin Başkent Universiteti “Kadın-Çocuk Sağlığı ve Aile Planlaması Araştırma ve Uygulama Merkezi”nin direktoru professor Ayşe Akın və psixoloq Ezgi Türkçelikin iştirakı ilə həyata keçirilən təlimdə yerli həkim-mütəxəssislər gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardımın zamanında və düzgün sistematik qaydada aparılması üzrə, həmçinin zərər çəkmişin emosional və fiziki durumunu nəzərə almaqla psixoloji yardımın və tibbi müayinənin hər tərəfli təmin edilməsi, zorakılıq halı ilə bağlı qanunla tənzimlənmiş qaydada hərəkət etmə kimi bilik və bacarıq səviyyələrini artırmışlar. Təlimdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva məruzələrlə çıxış edərək iştirakçıların nəzərini Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun"a yönəldərək gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardımın təşkilinin hüquqi bazasından və mövcüd prosedur qaydalarından məlumatları çatdırmışdır.
    Təlimdə Ə.Əliyev adına ADHTİ-nin pediatriya, terapiya, kardiologiya və dermatovenerologiya kafedralarının əməkdaşları dosent Mətanət Qaraxanova, assistentlər Natəvan İsmaylova, Günel Məhyəddinova və Naira Axundova iştirak etmişlər. Təlimin axırıncı günü iştirakçılara sertifikatlar verilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX