Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar
“Gənc alim və rezidentlərin elmi-praktiki konfransı” keçirilmişdir

02.05.2016

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 fevral 2016-cı ildə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında“ Sərəncam vermişdir. Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər.
    Son dövrlər Azərbaycan region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi etmişdir. Ötən illərdə Bakı şəhərində Gənc alimlərin beynəlxalq forumu, Gənclər siyasəti üzrə birinci qlobal forum və Kompyuter oyunları üzrə VI dünya çempionatı keçirilmişdir. 2013-cü il noyabrın 21-də qitədəki gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilmişdir. Beləliklə, Gəncə 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olacaqdır. Bu isə bir şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır.
    Sərəncama əsasən Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərilməsi bir çox dövlət qurumlarına, o cümlədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır. Sərəncamın icrasını təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin tədbirlər planını təsdiq etmişdir. Həmin plana əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Gəncə şəhərində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 aprel 2016-cı il tarixində “Gənc alim və rezidentlərin eimi-praktik konfransı” Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında keçirilmişdir. Konfransda iştirak etmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımovun rəhbərliyi ilə institutun professor və müəllimlərindən təşkil olunmuş böyük nümayəndə heyəti Gəncə şəhərinə gəlmişdilər.Konfrans öz işinə başlamazdan əvvəl institutun nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Konfransda Gəncə şəhər İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini professor Sevda Qurbanəliyeva, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi professor Əlikram Məmmədov iştirak etmişlər. Konfransı Ə.Əliyev adına ADHTİ-nin rektoru professor N.A.Qasımov açaraq bildirdi ki, Avropa Gənclər Paytaxtı seçilmiş hər bir şəhər həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır. Ona görə də Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi hamımızı çox sevindirdi. Bu haqda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam verməsi də bir daha sübut edir ki,ölkəmizdə gənclərin hər tərəfli inkişafına xüsusi fikir verilir.Bizim bu gün keçirdiyimiz konfrans da həmin sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi daşıyır. İnstitutumuzda çalışan gənc əməkdaşlar və rezidentlər üşün elmi araşdırmalar aparmaq üçün hər cür şərait yaradılmışdır.Bu gün həmin elmi axtarışların nəticələrinin bir hissəsinin təqdimatı keçiriləcəkdir.Konfransda təbabətin müasir problemlərinə həsr olunmuş məruzələr nəzərinizə çatdıralacaqdır.
    Gəncə şəhər İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini professor Sevda Qurbanəliyeva konfrans iştirakçılarını salamlayaraq dövlətin ölkə gənclərinin inkişafına göstərdiyi qayğıdan danışdı və Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini bütün dünyada Azərbaycanın, Azərbaycan gəncliyinin yeni uğuru kimi qiymətləndirildiyini qeyd etdi.
    Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi professor Əlikram Məmmədov da konfrans iştirakçılarını salamlayaraq axır illərdə Gəncədə səhiyyənin inkişafından danışdı, yeni müasir tibb müəssisələrinin açılması və köhnələrinin təmir edilib müasir standartlara uyğunlaşdırılmasını bir vəzifə kimi qarşıda durduğunu qeyd etdi.
    Sonra konfrans öz işini institutun gənc alimləri və rezidentlərinin apardıqları təbabətin müxtəlif problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.Ə.Əliyev adına ADHTİ-nun cərrahiyyə kafedrasının baş laborantı Axundov Elməddin “Qarının ön divarı yırtıqlarında sintetik torların tətbiqinin effektivliyi”, sinir xəstəlikləri kafedrasının assistenti Əliyev Rahim “İnsultların risk amilləri və profilaktikası”, otorinolarinqologiya kafedrasının rezidenti Süleymanov Kamil “Səs büküşləri varikozunun müayinə və müalicə prinsipləri”, mamalıq-ginekologiya kafedrasının assistenti Quliyeva İlahə “Ginekologiyada tək port laparoskopik cərrahiyyə və onun perspektivləri”, mamalıq-ginekologiya kafedrasının rezidenti Əfəndiyeva Günel “Genital prolaps zamanı optimal müalicənin seçilməsi”, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rezidenti Meybəliyev Rüfət “Üz-çənə əməliyyatlarından sonra osteoregenerasiyanın optimallaşdırılması”, travmatologiya və ortopediya kafedrasının rezidenti Məmmədov Fərid “Bazu sümyünün distal 1\3 sınıqları zamanı cərrahi müalicə üsulları” mövzularında məruzələr etdilər. Məruzələr çox maraqla dinlənildi və tibb elminin müxtəlif sahələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri, müasir standartlar və s. bu kimi məsələlər ətrafında əhalinin sağlamlığının qorunmasına və tibbi yardımın keyfiyyətinin artırılmasına xidmət edəcək fikir mübadiləsi aparıldı.
    Konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının müəllifləri olduqları kitablar və institutda çap edilən “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalının çapdan çıxmış yeni sayları konfrans iştirakçılarına paylanılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX