05 iyun 2026-cı il tarixində Xankəndi şəhərində Qarabağ Universiteti İncəsənət fakültəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 1-ci Qarabağ Səs Konqresi keçirildi. Konqres Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyəti, Avropa Foniatrlar İttifaqı, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” elmi cəmiyyətləri ilə birlikdə gerçəkləşdi. Tədbirin məqsədi yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisinin, muğam və milli vokal üslubunun xüsusiyyətlərini müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarət olmuşdur.
1-ci Qarabağ Səs Konqresinin elmi proqramı bir gün əvvəl Bakıda başa çatmış “Foniatriyada yeni üfüqlər” mövzusunda beynəlxalq konqresin elmi proqramının davamı kimi ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunmuşdu. Tədbirdə bu problemlərin həllinə həsr olunmuş interaktiv elmi panel keçirildi. Paneldə Azərbaycan, ABŞ və Türkiyənin müxtəlif elmi mərkəzlərində çalışan 35 nəfər foniatr, loqoped və sənətçilərin çıxışları təqdim edildi. Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının dosenti, Avropa Foniatrlar İttifaqının üzvü Akif Əfəndiyev, Avropa Foniatrlar İttifaqının İdarə Heyətinin üzvü dosent Ramil Həşimli ilə birğə konqresin təşkilat komitəsinin üzvü və panelin moderatoru olmuşdur.
Sonda Qarbağ Universiteti İncəsənət fakültəsi və Türkiyə Cümhuriyyətindən dəvət olunmuş sənətçilərin konserti baş tutmuşdur.
Konqresin işində Qarabağ Universitetinin müxtəlif fakültələrininin müəllim-tələbə heyəti iştirak etdilər.