Ölkəmizdə həyata keçirilən onkologiya və qidalanma sahəsində yeni və genişmiqyaslı elmi-populyar layihə Milli Onkologiya Mərkəzinin direktoru və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının müdiri akademik Cəmil Əliyevin ideyası və rəhbərliyi ilə onkologiya kafedrasının assistenti, əməkdar həkim t.ü.f.d.Elçin Mansurov və Milli Onkologiya Mərkəzinin əməkdaşları Sevinc Rəhimzadə, Türkan Mansurova tərəfindən yerinə yetirilib.
Layihənin nəticəsi olaraq “Qidalanma və digər amillərlə onkoloji və yanaşı gedən xəstəliklərin əlaqəsi. Süni intellekt əlavə nə deyir?” 4 cildlik külliyyat çap olunub.Kitablarda klassik elmi ədəbiyyat, beynəlxalq tibbi araşdırmalar, süni intellekt texnologiyalarının təqdim etdiyi cavablar, eləcə də müəlliflərin şəxsi müşahidə və peşəkar təcrübələrindən əldə etdikləri nəticələr bir araya gətirilib. Nəşrdə müxtəlif mövzular üzrə həm elmi mənbələrin mövqeyi, həm süni intellektin təqdim etdiyi izahlar, həm də müəlliflərin həmin məsələlərlə bağlı şəxsi şərhləri və uzun illərin tibbi praktikasından qazandıqları biliklər yer alıb.
Dörd kitabdan ibarət külliyyatda qidalanmanın onkologiyaya təsiri, xəstəliklərin profilaktikası, düzgün qida seçimi, həyat tərzi və digər mühüm mövzular geniş şəkildə əhatə olunub. Eyni zamanda dünyanın məşhur şəxslərinin qidalanma resptləri araşdırılıb və oxuculara təqdim olunub. Kitabda istinad olunan bütün elmi məqalə və araşdırmaların keçidləri oxuculara açıq şəkildə təqdim edilməklə onların internet linkləri göstərilib, eyni zamanda oxucuların həmin materiallara rahat keçid etməsi üçün xüsusi QR kodlar yerləşdirilib.
Mütəxəssislərin fikrincə, yeni layihə Azərbaycan tibb nəşriyyatında həm elmi məzmunu, həm rəqəmsal inteqrasiyası, həm də təqdimat formatı baxımından fərqli və innovativ nümunələrdən biridir.
Layihənin diqqət çəkən əsas tərəflərindən biri isə onun sosial missiyasıdır. Müəlliflərin açıqlamasına görə, kitabın satışından əldə ediləcək gəlir onkologiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək. Milli Onkologiya Mərkəzinin rəhbərliyi və institutumuzun onklogiya kafedrasının əməkdaşı Elçin Mansurov bundan əvvəl də bir sıra xeyriyyə təşəbbüsləri ilə gündəmə gəliblər. Belə ki, keçən il əməkdar həkim t.ü.f.d. Elçin Mansurov Türkiyədə keçirilən beynəlxalq tədbirdə elmi çıxışına görə layiq görüldüyü birinci yerin mükafatı olan 5800 manatı da onkologiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə bağışlamışdı.