16-17 may 2026-cı il tarixlərində Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyinin dəstəyi və ES Medical Akademiyasının təşəbbüsü ilə Ankara Universiteti Torlak Cərrahi Təlim Mərkəzində "Üz-çənə cərrahiyyəsində ekstra oral yanaşma və boyunun kliniki cərrahi anatomiyası” üzrə kadavra təlimi kursu keçirildi. Kursda Türkiyə Cümhuriyyətinin müxtəlif universitetlərinin diş həkimliyi fakültələrində ağız və üz-çənə cərrahiyyəsi ixtisası üzrə təhsil alan həkim-rezidentlər, eləcə də gənc həkim-üz-çənə cərrahları iştirak etdilər. Təlim kursunu təlimçi olaraq dəvət edilmiş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura təhsili üzrə prorektoru, tibb elmlər doktoru, dosent Məhəmməd Davudov keçmişdir.
Kursun birinci günündə nəzəri hissədə əməkdaşımız üz-çənə və boyun nahiyəsinin cərrahi anatomiyası mövzusunda mühazirə oxumuş, mühüm kliniki anatomo-topoqrafik xüsusiyyətlər haqqında geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallara cavab vermişdir. Kursun ikinci günündə dosent, t.e.d. Məhəmməd Davudov kadavra üzərində əməliyyat aparmış və mühim anatomik strukturları iştirakçılara nümayiş etdirmişdir. Kadavra əməliyatı birbaşa video görüntü ilə yayımlanmış və iştirakçıların sualları kadavra üzərində olmaqla cavablandırılmışdır.
Dosent, t.e.d. Məhəmməd Davudov növbəti dəfə keçirilməsi planlaşdırılan “Baş boyun nahiyəsi rekonstruksiyasında istifadə olunan lokal və regional fleblər” mövzusunda kadavra kursuna təlimçi olaraq dəvət edilmişdir.