
19-20 may 2026-cı il tarixlərində Portuqaliyanın Koimbra Universitetində “SENESCENCE2030 Annual Conference & Training School” beynəlxalq konfransı və təlimi keçirildi. Tədbir hüceyrə qocalmasının hədəflənməsinə həsr olunmuş Avropa tədqiqat şəbəkəsi olan COST Action CA23119 proqramı çərçivəsində təşkil olunub və neyrodegenerasiya, damar qocalması, sağlam yaşlanma və translyasiyaedici tibb sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib. Tədbirdə Portuqaliya, ABŞ (Mayo Clinic), Almaniya, Avstriya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, Belçika, Çexiya, Türkiyə, Azərbaycan və digər Avropa ölkələrinin aparıcı universitetləri, elmi mərkəzləri və klinikaları təmsil olunub.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti Mərziyyə Məmmədova bu beynəlxalq tədbirin elmi proqramı çərçivəsində “Clinical Phenotypes of Accelerated Vascular and Neurological Ageing: Real-world evidence from neurological practice” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə sürətlənmiş damar və nevroloji qocalmanın klinik fenotipləri, beyin yaşlanmasının neyrogörüntüləmə markerləri, damar risk faktorları, yuxu və sirkadiyal ritm pozğunluqları, həmçinin struktur neyrogörüntüləmə, damar vəziyyətinin qiymətləndirilməsi, avtonom sinir sistemi profilinin təhlili və klinik praktikadan əldə olunan real klinik məlumatların multimodal inteqrasiyası təqdim olundu. Çıxış iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Konfrans çərçivəsində müxtəlif ölkələrin universitetləri, biotibbi mühəndislik bölmələri və tədqiqat mərkəzlərinin nümayəndələri ilə neyroelmlər, biotibbi mühəndislik, yaşlanma əleyhinə və translyasiyaedici tibb sahələrində gələcək əməkdaşlıq perspektivləri də müzakirə olundu.
Neyroelm və translational science üzrə mütəxəssis olan Mərziyyə Məmmədova eyni zamanda COST Action proqramının eksperti və “SENESCENCE2030” çərçivəsində CA23119 layihəsinin Working Group 2 və Working Group 3 beynəlxalq işçi qruplarının üzvüdür. Bu qruplar hüceyrə qocalması, neyrodegenerasiya, damar qocalması və translational medicine istiqamətləri üzrə beynəlxalq elmi əməkdaşlığı birləşdirir. Həmin işçi qruplarında iştirak beynəlxalq elmi əlaqələrin genişlənməsi, birgə tədqiqat layihələrinin hazırlanması, klinik və elmi təcrübə mübadiləsi, həmçinin müasir Avropa elmi yanaşmalarının Azərbaycan tibbinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşının “SENESCENCE2030” beynəlxalq konfransında iştirakı Azərbaycanın elmi potensialının beynəlxalq elmi platformada təqdim olunmasına, Avropa elmi şəbəkələri ilə əlaqələrin gücləndirilməsinə və gələcəkdə nevrologiya, neyroreabilitasiya, geroelm və sağlam yaşlanma sahələrində yeni əməkdaşlıqların qurulmasına zəmin yaradır.