15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində XVI Regional Konfrans keçirilib. Konfransda Şirvan, Ağdam, Gəncə, Qəbələ, Zaqatala, Şamaxı, Bərdə, Qax, Göyçay və digər rayonlardan mütəxəssislər iştirak ediblər.
Tədbirin açılış mərasimində Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının müdiri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri professor Elmar Qasımov çıxış edərək Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışdı. O bildirdi ki, Azərbaycanda əhaliyə təkcə paytaxt Bakı şəhərində deyil, regionlarda da müasir standartlara uyğun oftalmoloji yardım göstərilir.
Konfrans çərçivəsində oftalmologiyanın aktual məsələlərinə dair mütəxəssislərin məruzələri dinlənildi, həkimlər arasında təcrübə və elmi biliklərin paylaşılması məqsədilə müzakirələr aparıldı.
Konfransda Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının əməkdaşı Lamiyə Həsənzadə “Lazer epilyasiyasından sonrakı şüa makulopatiyası“ mövzusunda elmi məruzə ilə çıxış etdi. Tədbirdə həmçinin oftalmologiya kafedrasının əməkdaşları dosent Nüşabə Hacıyeva, dosent t.e.d. Yazgül Abdiyeva və Ceyhun Nəzərli də iştirak etdilər.