“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərif irsin işığında” adlı tədbir keçirilib.
Tədbirdən öncə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib, abidələri önünə gül dəstələri qoyulub.
Daha sonra Ə.Əliyev adına ADHTİ-nun akt zalında baş tutan tədbirdə Dövlət himni səsləndikdən sonra Zərifə xanım Əliyevanın, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Ə.Əliyev adına ADHTİ ərazi partiya təşkilatının sədr müavini Günel Əfəndiyeva, Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının dosenti Nüşabə Hacıyeva akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Zərifə xanımın zəngin və mənalı həyat yolu, elmə və insanlara həsr etdiyi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Məhz Zərifə xanım Əliyevanın yorulmaz zəhməti və yüksək peşəkarlığı nəticəsində öz dövrü üçün son dərəcə aktual olan bir sıra mürəkkəb tibbi problemlər həllini tapmışdır. Xüsusilə vurğulanmışdır ki, akademikin oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya tibb elmi üçün böyük əhəmiyyət kəsb etmişdir. Zərifə xanım öz şəxsiyyətində Azərbaycan qadınına xas olan bütün ali mənəvi keyfiyyətləri – xeyirxahlığı, mərhəməti, sadəliyi, zəhmətsevərliyi və yüksək intellekti birləşdirən nadir şəxsiyyət olmuşdur. Onun həyat fəlsəfəsinin mərkəzində insan amili dayanmış, hər zaman insanların sağlamlığı və rifahı prioritet olmuşdur. Bu baxımdan Zərifə xanım Əliyeva həm alim, həm də humanist insan kimi cəmiyyətə örnək olmuşdur.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım həm də qalib dövlətin rəhbəri, torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevin anası kimi tarixdə xüsusi yer tutur. Belə bir ailənin təməlində duran yüksək mənəvi dəyərlər bu gün də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində öz əksini tapır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib.