Səhiyyə Nazirliyindən 10 saatlıq unikal əməliyyat: pasiyentin öz sümüyü ilə yeni çənə quruldu
27.04.2026
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikallığı ilə seçilən aşağı çənənin bərpası üzrə unikal və yüksək texnoloji cərrahi əməliyyat uğurla icra olunub.
Bu əməliyyat mərkəzdə ilk dəfə olaraq 2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin tapşırığı ilə yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri tərəfindən icra edilib.Əməliyyat təxminən 10 saat davam edib və bir neçə ixtisas üzrə cərrahi briqadaların iştirakı ilə həyata keçirilib. Baş-boyun nahiyəsi üzrə əməliyyat Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru, üz-çənə cərrahı-onkoloq, tibb elmləri doktoru, dosent Məhəmməd Davudov və şöbə müdiri, plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən icra edilib.Mikrocərrahi transplantasiya mərhələsi isə üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz-çənə cərrahı Vəlican Abasov tərəfindən həyata keçirilib.
Əməliyyatın uğuru dəqiq rəqəmsal planlaşdırma, ixtisaslaşmış tibbi avadanlıqlar və anestezioloqlar, onkoloqlar, üz-çənə və plastik-rekonstruktiv cərrahların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub.
Bir il yarım əvvəl pasiyentə baş-boyun nahiyəsində yerləşən geniş yayılmış bədxassəli törəmə səbəbilə aşağı çənənin yarısı çıxarılmış və onun yerinə titan konstruksiya yerləşdirilib. Müasir tibbi texnologiyaların tətbiqi sayəsində həyata keçirilən son əməliyyat zamanı əvvəlcədən qoyulmuş titan lövhə çıxarılıb, aşağı çənənin yarısı pasiyentin öz sümüyü — fibula (incik sümüyü) vasitəsilə yenidən qurulub.
Mikrocərrahi üsulla icra olunan rekonstruksiya zamanı sümük strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə transplantasiya edilib və damarlar yüksək dəqiqliklə birləşdirilib. Bu yanaşma onkoloji əməliyyat nəticəsində itirilmiş üz nahiyəsinin həm funksional, həm də estetik baxımdan bərpasına imkan verir. Mütəxəssislərin sözlərinə görə, gələcək mərhələdə bərpa olunmuş sümüyə dental implantların yerləşdirilməsi planlaşdırılır ki, bu da pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.
Mərkəzdə bu kimi yüksək texnologiyalı əməliyyatların icrası ölkədə rekonstruktiv cərrahiyyənin inkişafına və vətəndaşların müasir tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.