09.04.2026-11.04.2026-ci il tarixlərində Heydər Əliyev Mərkəzində Daxili Xəstəliklər Dərnəyinin 2-ci Milli Konqresi, Türk Dövlətləri Nefroloji Federasiyasının 1-ci Konqresi keçirildi. Konqres yerli və xarici alimlərin maraqlı çıxışları ilə yadda qaldı. Tədbirdə bir çox tanınmış yerli və xarici mütəxəssislərlə yanaşı Avropa Daxili Xəstəliklər Cəmiyyətinin (EFIM) prezidenti professor Fredric Von Wowern, Avropa Böyrək Assosiasiyasının (ERA) yeni dönəm prezidenti professor Mustafa Arıcı, Türk dövlətlərinin nefroloji dərnək sədrləri və baş nefroloqları da iştirak etdilər.
Konqresin 1-ci günündə Ə.Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının professor İsax Mustafayev “Kardiologiya” panelində “Nəzarət heç vaxt bu qədər rahat olmamışdı” adlı çıxışını təqdim etdi. Çıxışda arterial hipertenziyanın idarə olunmasının strategiyası və nəzarəti barədə son tövsiyələrə uyğun məlumatlar iştirakçıların nəzərinə çatdırıldı. Terapiya kafedrasının digər əməkdaşı t.ü.f.d. Fidan Qasımova isə “Revmatologiya” panelinin moderatoru oldu.