Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında tədris prosesində müasir və innovativ yanaşmalara geniş yer verilir
10.04.2026
Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında tədris prosesində müasir və innovativ yanaşmalara geniş yer verilir. Bu zaman müdavimlərə ürəyin ritm pozuntularının müalicəsində yüksək effekt verən müasir kardioneyromodulyasiya metodu əyani nümayiş etdirilir. Prosedur Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasının klinik bazası olan Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Kardioneyromodulyasiya və ya kardioneyroablasiya tətbiqi zamanı ürəyə basqılayıcı təsiri olan azan sinir lifləri ürək daxilindən radiofrekans energisi vasitəsi ilə destruksiya edilir. Bu prosedur ürək ritmində azan sinir mənşəli bradikardiya və AV blokada hallarında tətbiq olunur. Problemin azan siniri ilə əlaqəli olduğu qabaqcadan xüsusi testlərlə təsdiq olunmalıdır. Əvvəllər bu xəstələrə məcburi kardiostimulyator implantasiyası tətbiq edilirdi. Bu gün isə bu prosedura sonrası xəstələr normal həyatlarına kardiostimulyatorsuz davam edə bilməkdədirlər.
Kardiologiyada bu kimi müasir və innovativ metodların müdavimlərə nümayiş etdirilməsi onların xüsusi marağına səbəb olur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.