Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun növbəti görüşü keçirildi. Dəyirmi masa formatında keçirilən tədbirin məqsədi yaşlı və ahıllara qayğının gücləndirilməsi, onlara göstərilən xidmətlərinin qiymətləndirilməsi, eləcə də onların rifahlarının yaxşılaşdırılması məqsədilə müzakirələrin aparılması olmuşdur.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, ailə təbabəti kafedrasının assistenti Günay İsgəndərova, terapiya kafedrasının assistentləri Fidan Qasımova və Ülkər İmaməliyeva iştirak etdilər. Dəyirmi masada Azərbaycanda sektorlararası əməkdaşlıq sahəsində sağlam yaşlanma üzrə “Aktiv və sağlam yaşlanma modeli”nin yaradılması strategiyası, milli fəaliyyət planının təkmilləşdirilməsi və bu sahədə həyata keçirilə biləcək tədbirlərlə bağlı müzakirələr aparıldı, təkliflər səsləndirildi. Əməkdaşlarımız öz çıxışlarında Ə.Əliyev adına ADHTİ-nin kafedralarında keçirilən kurs və seminarlarda “Sağlam yaşlanma” mövzusunun da diqqət mərkəzində olmasını xüsusi vurğuladılar.