Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Gənc Oftalmoloqlarının XVII Konfransı və III Forumu keçirildi. Bu ilki tədbir Azərbaycan oftalmologiyasının inkişafında böyük xidmətləri olmuş əməkdar elm xadimi, professor Zəhra xanım Quliyevanın xatirəsinə həsr edilmişdi.
Konfransın açılış mərasimində çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının müdiri professor Elmar Qasımov gənc oftalmoloqların beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi, onların inkişafına şərait yaradılması kimi məsələlərin əsas prioritetlərdən olduğunu söylədi.
Kafedranın dosenti, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva professor Zəhra Quliyevanın həyatı, zəngin elmi irsindən bəhs edən məruzə ilə çixiş etdi.
Konfransın rəsmi şüarı "Oftalmologiya və süni intellekt" olaraq müəyyənləşdirilmişdi. Ona görə də tədbir çərçivəsində süni intellekt əsaslı diaqnostik alətlər, klinik qərarvermə dəstəyi sistemləri təqdim olunmuş, teleoftalmologiya, eləcə də bu sahədə etik və hüquqi məsələlər ətrafında panel müzakirələri və interaktiv sessiyalar keçirilmişdir.
Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının əməkdaşı Lamiyə Həsənzadə forumda “Rezidentura və təhsildə Sİ (tədris prosesində simulyasiya və analiz vasitələri)” mövzusunda məruzə etmiş və eyni zamanda paneldə moderator olmuşdur. Kafedranın rezidenti Səidə Məmmədova isə "Epiretinal membranın spontan ayrılması" mövzusunda çıxış təqdim etmişdir.
Konfransın sonunda kafedranın əməkdaşı, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ceyhun Nəzərliyə gənc mütəxəssislərə göstərdiyi diqqət və qayğıya görə “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi.