Azərbaycanda səhiyyə sisteminin rəqəmsallaşdırılması çərçivəsində elektron resept (e-resept) sisteminə keçid aktiv şəkildə davam edir. Həmin sistem həkim, pasiyent və əczaçılar üçün vahid platforma üzərindən reseptlərin idarə olunmasını təmin edir. Həkimlər müayinə etdikləri pasiyentlərə "Reseptim" mobil tətbiqi vasitəsilə elektron formada dərman təyin edir, bu reseptlər pasiyentin şəxsi profilində izlənir və apteklərdən dərmanları almağa imkan yaradır. Bu sistem, reseptlərin itməsi riskini aradan qaldırır və dərman təchizatına nəzarəti daha şəffaf edir.
Ə.Əliyev adına ADHTİ-nin əczaçılıq kafedrasında, bu prosesin daha tez və rahat başa çatması üçün, müdavimlərə elektron resept sistemi haqqında geniş məlumat verilir. Sözügedən sistemə görə pasiyent aptekdə reseptin sadəcə QR kodunu göstərməli, provizor reseptin düzgünlüyünü öz elektron imzası ilə təsdiq etməli və dərmanları buraxmalıdır.Dərslərdə elektron resept sisteminin yaradılması, strukturu və üstünlükləri izah edilir, müdavimlərə praktiki olaraq sistemdən yararlanmaq yolları göstərilir.