5–8 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Türk Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə 60-cı Milli Anesteziologiya və Reanimasiya Konqresi (TARK 2026) keçirilib.
Tədbirdə müxtəlif ölkələri təmsil edən alimlər,tədqiqatçılar və həkim-mütəxəssislər iştirak ediblər. Konqresin elmi proqramı çərçivəsində anesteziologiya və intensiv terapiyanın müasir inkişaf tendensiyaları, perioperativ tibbi yardımın keyfiyyətinin yüksəldilməsi, kritik vəziyyətlərdə xəstələrin idarə olunması, müasir anesteziya metodları, ağrı müalicəsi, pediatrik anesteziologiya və reanimatologiyanın aktual problemləri ilə bağlı elmi məruzələr təqdim olunub.
Beynəlxalq elmi tədbirdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya-reanimatologiya və təcili tibbi yardım kafedrasının müdiri, dosent Elxan Hacıyev və kafedranın dosenti Vüqar Abdulkərimov ölkəmizi təmsil ediblər. Tədbir çərçivəsində kafedranın dosenti Vüqar Abdulkərimov “Pediatrik Hastalarda Quality of Recovery-15 Ölçeğinin Türkçe Versiyonunun Geçerlilik ve Güvenilirliği” adlı sessiyada moderator qismində iştirak edib.
Konqres çərçivəsində aparılan elmi müzakirələr və təcrübə mübadiləsi anesteziologiya və reanimatologiya sahəsində müasir elmi nailiyyətlərlə tanış olmaq, qabaqcıl klinik yanaşmaları öyrənmək, eləcə də müxtəlif ölkələrin mütəxəssisləri ilə elmi və peşəkar əlaqələri genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyıb.