Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Özbəkistan Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Assosiasiyasının təşkilatçılığı ilə “Otorinolarinqologiya və baş-boyun cərrahiyyəsində süni intellekt və multidissiplinar yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Müasir tibbin sürətlə inkişaf edən və innovativ texnologiyaların geniş tətbiq olunduğu istiqamətlərindən birinə həsr edilən konfransın əsas məqsədi otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi sahəsində əldə olunan son elmi nailiyyətlərin müzakirəsi, süni intellekt texnologiyalarının diaqnostika və müalicə proseslərinə inteqrasiyası imkanlarının dəyərləndirilməsi, eləcə də müxtəlif ixtisas sahələri üzrə çalışan mütəxəssislər arasında elmi və praktiki əməkdaşlığın genişləndirilməsi olub.
Müxtəlif ölkələrdən tanınmış alimlərin, təcrübəli həkimlərin və mütəxəssislərin iştirak etdiyi beynəlxalq tədbir aktual elmi problemlərin müzakirəsi, qabaqcıl tibbi təcrübələrin bölüşülməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm platforma kimi diqqət çəkib.
Konfransın elmi proqramı çərçivəsində otorinolarinqologiyada müasir diaqnostika və müalicə metodları, baş-boyun nahiyəsinin mürəkkəb patologiyalarının erkən aşkarlanması və müalicəsində innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı tibbi sistemlərin klinik praktikada istifadəsi, rəqəmsal görüntüləmə texnologiyaları, tibbi məlumatların təhlili və cərrahi müdaxilələrin planlaşdırılmasında yeni yanaşmalar geniş müzakirə olunub.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının müdiri, professor Nazim Hüseynov da iştirak edib. Professor tədbirin elmi proqramı çərçivəsində “LOR cərrahiyyəsində psixoloji faktorlar: görünməyən ağırlaşmalar” mövzusunda elmi təqdimatla çıxış edib. Təqdimatda cərrahi müdaxilələr zamanı psixoloji amillərin əhəmiyyəti, onların əməliyyatdan əvvəlki və sonrakı dövrdə pasiyentin vəziyyətinə təsiri, eləcə də LOR cərrahiyyəsində diqqətdən kənarda qala bilən psixoloji faktorların klinik nəticələr baxımından rolu diqqətə çatdırılıb.
Eyni zamanda, professor Nazim Hüseynov konfransın plenar iclasının moderatoru da olmuşdur.
Konfrans çərçivəsində professor Nazim Hüseynovun elmi və peşəkar fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olaraq ona xüsusi təltif təqdim edilib. Belə ki, Özbəkistan Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Assosiasiyasının müvafiq qərarına əsasən, professor Nazim Hüseynov “Özbəkistanda otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi sahəsinin inkişafına verdiyi töhfəyə görə” döş nişanı ilə təltif olunub. Fəxri döş nişanı və müvafiq vəsiqə professor Nazim Hüseynova konfrans çərçivəsində təntənəli şəkildə təqdim edilib.
Bu təltif professor Nazim Hüseynovun elmi və klinik fəaliyyətinə, otorinolarinqologiya sahəsindəki peşəkar təcrübəsinə və beynəlxalq elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrə göstərilən diqqət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu hadisə Azərbaycan tibb elminin beynəlxalq elmi platformalarda təmsil olunması və ölkəmizin otorinolarinqologiya sahəsində qazandığı təcrübənin beynəlxalq müstəvidə tanıdılması baxımından əlamətdar hadisədir.