Ə.Əliyev adına ADHTİ-də Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunmuş elmi-praktik tədris sessiyası çərçivəsində institutun həkim-rezidentləri arasında beyin ölümü, orqan donorluğu və transplantasiyası mövzularına dair maarifləndirici sorğu keçirilib.
Sorğunun keçirilməsində əsas məqsəd gələcək həkimlərin beyin ölümünün tibbi və hüquqi meyarları, onun müəyyənləşdirilməsi prinsipləri, orqan donorluğunun təşkili, transplantasiya prosesinin mərhələləri və bu sahədə həkimlərin üzərinə düşən vəzifələr barədə biliklərinin qiymətləndirilməsi, eləcə də mövcud biliklərinin daha da möhkəmləndirilməsi olub.
İnteraktiv formatda təşkil olunan sorğu zamanı həkim-rezidentlərə beyin ölümü, orqan donorluğu və transplantasiya ilə bağlı müxtəlif suallar ünvanlanıb. İştirakçılar təqdim olunan sualları cavablandıraraq mövzu üzrə bilik və məlumatlılıq səviyyələrini nümayiş etdiriblər. Sualları düzgün cavablandıran və fəallığı ilə seçilən həkim-rezidentlər xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatlar Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Pənahov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeğanə Abbasova tərəfindən təqdim olunub.
Qeyd edək ki, bu cür maarifləndirici təşəbbüslər gələcək həkimlərin orqan donorluğu və transplantasiyası sahəsində nəzəri biliklərinin artırılması, müasir tibbin mühüm istiqamətlərindən biri olan transplantologiyaya dair düzgün yanaşmanın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Beyin ölümünün düzgün və vaxtında müəyyən edilməsi, orqan donorluğu prosesinin tibbi, etik və hüquqi prinsiplərə uyğun təşkili, eləcə də transplantasiyanın əhəmiyyətinin həm tibb ictimaiyyəti, həm də cəmiyyət arasında təbliği bu sahənin inkişafında mühüm amillərdəndir. Bu baxımdan, həkim-rezidentlərin təhsil və peşə hazırlığı mərhələsində belə mövzular üzrə maarifləndirilməsi onların gələcək fəaliyyətində məsuliyyətli və məlumatlı mütəxəssis kimi formalaşmasına töhfə verir.
Ə.Əliyev adına ADHTİ-də keçirilən bu təşəbbüs institutda həkimlərin və rezidentlərin davamlı peşəkar inkişafına, interaktiv tədris metodlarının tətbiqinə və səhiyyənin aktual istiqamətləri üzrə maarifləndirmə fəaliyyətinin genişləndirilməsinə yönəlmiş tədbirlərin tərkib hissəsidir.