6 noyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-də Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunmuş elmi-praktik tədris sessiyası keçirilib.
Elmi-praktik sessiya Ə.Əliyev adına ADHTİ-nin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılış mərasimində institutun rektoru, professor Nazim Pənahov çıxış edərək ürək transplantasiyasının Azərbaycan səhiyyəsi üçün mühüm elmi və praktiki əhəmiyyətini vurğulayıb. O, transplantologiya sahəsində əldə olunan nailiyyətlərin davamlı inkişafında müasir tibbi biliklərin mənimsənilməsinin, qabaqcıl cərrahi təcrübənin öyrənilməsinin və mütəxəssislərin peşəkar hazırlığının vacibliyini qeyd edib.
Sessiya çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Cəmiyyətin sədri, ürək-damar cərrahı Ramil Əliyev tərəfindən heyvan modeli üzərində eksperimental ürək transplantasiyasına həsr olunmuş elmi-praktik təlim keçirilib.
Tədbirin nəzəri hissəsində ürək transplantasiyasının fizioloji, immunoloji və cərrahi aspektləri, müasir elmi nailiyyətlər, tətbiq olunan cərrahi prinsiplər və bu sahədə mövcud problemlər ətrafında geniş müzakirələr aparılıb.
Praktik hissədə heyvan modeli üzərində həyata keçirilən eksperimental ürək transplantasiyası əməliyyatı böyük ekranda nümayiş etdirilib. Əməliyyatın əsas mərhələləri mütəxəssislər tərəfindən ətraflı şərh olunub, iştirakçılara transplantasiya prosesinin cərrahi xüsusiyyətləri barədə əyani məlumat verilib.
Həkim və rezidentlərin iştirakı ilə keçirilən sessiya nəzəri biliklərin praktik müşahidə ilə əlaqələndirilməsi, müasir cərrahi yanaşmaların öyrənilməsi və transplantologiya sahəsində elmi-praktik təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Tədbir ölkəmizdə transplantologiyanın inkişafına, həkimlərin və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, eləcə də müasir tibbi təcrübənin tədris prosesinə inteqrasiyasına töhfə verib.