Barselonada 2026-cı ildə qastroenterologiya və hepatologiya sahəsində dünyanın aparıcı elmi tədbirlərindən biri olan Birləşmiş Avropa Qastroenterologiya Həftəsi (UEG Week 2026) öz işini başa çatdırdı.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayevanın rəhbərliyi ilə aparılan elmi araşdırmalar təqdim edilmişdir. Təqdim olunan işlər milli tədqiqatlarla yanaşı, beynəlxalq əməkdaşlıq əsasında həyata keçirilən layihələri və doktorantura səviyyəsində aparılan elmi araşdırmanı da əhatə etmişdir. Belə beynəlxalq elmi mühitdə iştirak doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdim edilməsi, akademik diskussiya aparılması, beynəlxalq ekspertlərdən rəy alınması və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm təcrübədir.
Təqdim olunmuş işlər institutun terapiya kafedrasının doktorantı Rəşad Həsənovun 2 elektron posteri də daxil olmaqla Avropanın müxtəlif ölkələrindən olan tədqiqatçılarla birgə əməkdaşlıq çərçivəsində aparılmış 6 beynəlxalq müştərək elmi işdən ibarət olmuşdur. UEG Week 2026 çərçivəsində 6 beynəlxalq müştərək elmi işin təqdim olunması Azərbaycan tədqiqatçılarının Avropa elmi məkanına inteqrasiyasının və beynəlxalq elmi əlaqələrin inkişafının mühüm göstəricisidir. Bu fəaliyyət eyni zamanda Azərbaycan qastroenterologiyasında aparılan elmi araşdırmaların beynəlxalq görünürlüğünün artırılması, yerli tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyası və ölkəmizin elmi potensialının daha geniş auditoriyaya təqdim olunması baxımından əhəmiyyətlidir.
Növbəti mərhələdə əsas məqsəd təqdim edilmiş tədqiqatların nəticələrinin beynəlxalq indeksli elmi jurnallarda tam məqalələr şəklində nəşr olunması, mövcud beynəlxalq əlaqələrin davamlı elmi əməkdaşlığa çevrilməsi, çoxmərkəzli tədqiqat layihələrinin hazırlanması və Azərbaycan tədqiqatçılarının Avropa elmi konsorsiumlarında iştirakının genişləndirilməsidir.