Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və “MegaSec” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səhiyyədə süni intellekt” təlim proqramı çərçivəsində tibb mütəxəssisləri üçün təşkil olunan ixtisasartırma kursları uğurla başa çatıb.
Proqram çərçivəsində “Tibbdə süni intellektdən istifadənin nəzəri və praktiki məsələləri” və “Baş və boyun xəstəliklərinə multidisiplinar yanaşma və diaqnostikada süni intellektin rolu” adlı ixtisasartırma kursları keçirilib. Kurslarda ümumilikdə 190 müdavim iştirak edib.
Təlim proqramının əsas məqsədi tibb mütəxəssislərinin süni intellekt texnologiyalarının səhiyyə sahəsində tətbiqi imkanları, müasir diaqnostik metodlar və rəqəmsal həllər barədə bilik və bacarıqlarını artırmaq, eləcə də innovativ texnologiyaların tibbi praktikaya inteqrasiyasını təşviq etmək olub.
İxtisasartırma kursları çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun radiologiya, otorinolarinqologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, terapiya və pediatriya kafedralarının əməkdaşları, həmçinin “MegaSec” şirkətinin nümayəndələri tərəfindən mühazirələr oxunub. Mühazirələrdə müvafiq sahələr üzrə müasir elmi yanaşmalar, süni intellekt texnologiyalarının tətbiq perspektivləri və onların tibbi fəaliyyətin müxtəlif istiqamətlərində istifadəsi ilə bağlı məsələlər əhatə olunub.
“Tibbdə süni intellektdən istifadənin nəzəri və praktiki məsələləri” adlı ixtisasartırma kursunda süni intellektin əsas prinsipləri, səhiyyə sistemində tətbiq istiqamətləri və bu texnologiyaların klinik praktikada istifadəsi imkanları nəzərdən keçirilib. Xüsusilə müasir rəqəmsal həllərin tibbi məlumatların təhlilində, diaqnostik proseslərin təkmilləşdirilməsində və klinik qərarların qəbulunun dəstəklənməsində rolu diqqət mərkəzində olub.
“Baş və boyun xəstəliklərinə multidisiplinar yanaşma və diaqnostikada süni intellektin rolu” adlı kursda isə müvafiq xəstəliklərin diaqnostikası və qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi, müxtəlif tibbi ixtisaslar arasında əməkdaşlığın əhəmiyyəti və multidisiplinar yanaşmanın üstünlükləri müzakirə olunub. Eyni zamanda, süni intellekt əsaslı texnologiyaların diaqnostik imkanları, tibbi görüntülərin təhlilində tətbiqi və klinik qərarvermə prosesinə potensial töhfəsi ilə bağlı məsələlərə toxunulub.
Süni intellekt texnologiyalarının səhiyyədə tətbiqi tibbi məlumatların təhlilinin təkmilləşdirilməsi, diaqnostik imkanların genişləndirilməsi və klinik proseslərin səmərəliliyinin artırılması baxımından mühüm perspektivlər yaradır. Bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsi tibb mütəxəssislərinin müasir elmi-texnoloji yeniliklərə uyğunlaşmasına, rəqəmsal səriştələrinin artırılmasına və innovativ həllərdən peşəkar fəaliyyətlərində səmərəli istifadəsinə imkan verir.
Bununla yanaşı, süni intellekt əsaslı həllərin tibbi praktikaya inteqrasiyası zamanı tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, əldə olunan nəticələrin elmi və klinik baxımdan düzgün qiymətləndirilməsi, eləcə də həkimin peşəkar qərarının aparıcı rolunun təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Tibb mütəxəssislərinin davamlı peşəkar inkişafının dəstəklənməsi, onların müasir texnologiyalar üzrə biliklərinin artırılması və innovativ yanaşmaların tibbi praktikada tətbiqinin genişləndirilməsi baxımından bu cür ixtisasartırma proqramları xüsusi əhəmiyyət kəsb edir.
“Səhiyyədə süni intellekt” təlim proqramının həyata keçirilməsi səhiyyə sahəsində rəqəmsal transformasiyanın təşviqinə, müasir texnologiyaların tibbi praktikaya inteqrasiyasının genişləndirilməsinə və tibb mütəxəssislərinin yeni texnoloji çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəlmiş mühüm təşəbbüsdür.