Ə.Əliyev adına ADHTİ-nin dermatovenerologiya kafedrasında tədris prosesi müasir tələblərə uyğun təşkil olunubdur

16.02.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dermatovenerologiya ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə tədris prosesinin müasir tələblərə uyğun təşkili, innovativ texnologiyaların tətbiqi və klinik təcrübə ilə inteqrasiyası əsas prioritetlərdən biridir. Kafedrada tədris yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda rezident və müdavimlərin praktiki bacarıqlarının formalaşdırılmasına və klinik düşüncə tərzinin inkişafına yönəldilir.
Dermatovenerologiya kafedrasında rezident və müdavimlər üçün mütəmadi olaraq nəzəri mühazirələr, seminarlar, praktik məşğələlər və klinik nümayişlər təşkil olunur. Mühazirələr müasir dermatologiya və dermatovenerologiyanın aktual mövzularını, diaqnostik alqoritmləri və müalicə protokollarını əhatə edir. Praktik məşğələlər isə klinik şəraitdə aparılaraq əldə olunan nəzəri biliklərin real pasiyentlər üzərində tətbiqinə imkan yaradır.
Kafedranın klinik bazasında dermatologiyanın müasir diaqnostik və müalicəvi üsullarından geniş istifadə olunur. Tədris və klinik praktikada dermatoskopiya, kolposkopiya, krioterapiya, elektrokoaqulyasiya və biopsiya metodları aktiv şəkildə tətbiq edilir. Bu üsullar rezident və müdavimlərə müxtəlif dəri və selikli qişa patologiyalarının diaqnostikasını yerində müşahidə etmək, prosedurların aparılma texnikasını öyrənmək və nəticələrin qiymətləndirilməsində iştirak etmək imkanı yaradır.
Dermatoskopiya metodu piqmentli və qeyri-piqmentli dəri törəmələrinin erkən mərhələdə aşkarlanmasında və differensial diaqnostikada mühüm rol oynayır. Kolposkopiya servikal nahiyənin patologiyalarının daha dəqiq və obyektiv qiymətləndirilməsinə imkan verir. Krioterapiya və elektrokoaqulyasiya minimal invaziv müalicə üsulları kimi bir sıra xoşxassəli və premalign törəmələrin müalicəsində tətbiq olunur. Biopsiya metodu isə histopatoloji diaqnozun dəqiqləşdirilməsi baxımından əsas diaqnostik üsullardan biridir.
Bundan əlavə, kafedrada xroniki iltihabi dəri xəstəliklərinin müalicəsində müasir terapevtik yanaşmalar geniş tətbiq olunur. Xüsusilə psoriazın müalicəsində bioloji preparatların istifadəsi rezident və müdavimlərin müasir müalicə strategiyaları ilə tanış olmasına şərait yaradır. Bu məqsədlə interleykin-17 inhibitoru olan sekukinumab (Skafo) preparatı klinik praktikada istifadə edilir və müalicə nəticələri tədris prosesində elmi cəhətdən təhlil olunur.
Sadalanan diaqnostik və müalicəvi metodların tətbiqi rezident və müdavimlərə pasiyentlərin müayinəsi, müalicə planının tərtibi, prosedurların aparılması və nəticələrin qiymətləndirilməsi mərhələlərində aktiv iştirak etmək imkanı verir. Dermatovenerologiya kafedrasında yaradılmış bu tədris və klinik mühit müasir, elmi əsaslandırılmış və praktik yönümlü yanaşmanın formalaşdırılmasına xidmət edir, pasiyentlər üçün keyfiyyətli tibbi yardımın göstərilməsini, təhsil alanlar üçün isə yüksək səviyyəli peşəkar hazırlığın təmin olunmasını mümkün edir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX