Ümumdünya Səhiyyə Təşkilatı üzv dövlətlərdə 2030-cu ilədək İİV infeksiyası, virus hepatitləri və cinsi yolla ötürülən infeksiyaların ictimai səhiyyə problem kimi aradan qaldırılması istiqamətində aparılan işlərə daim dəstək olur. Həmin işlər çərçivəsində İİV-nin daha erkən aşkarlanması, insanların vaxtında tibbi xidmətə yönləndirilməsi və müalicə nəticələrinin yaxşılaşdırılması kimi məsələlərin həll olması qarşıya qoyulmiş məqsədə çatmağa imkan verəcəkdir.
22–23 sentyabr 2026-ci il tarixlərində Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə ali və orta ixtisas təhsili proqramlarında İİV üzrə təhsilin gücləndirilməsi məqsədilə təhsil və səhiyyə mütəxəssisləri üçün təlim (“Təlimçilər üçün Təlim”) təşkil olunmuşdu. Təlim iştirakçıları İİV üzrə tədris məzmununun gücləndirilməsi; tədris proqramlarının ən son sübutlara əsaslanan tövsiyələrə uyğunlaşdırılması; yerli problemlərin və prioritetlərin daha yaxşı əks etdirilməsi; İİV-lə bağlı stiqma və diskriminasiyanın aradan qaldırılması yollarını müzakirə etdilər. Bununla yanaşı iştirakçılar mövcud tədris proqramlarında olan boşluqları müəyyənləşdirərək, İİV üzrə təhsilin dəyişən epidemioloji vəziyyəti, profilaktika, test və müalicə sahəsindəki yenilikləri və İİV-lə yaşayan insanların ehtiyaclarını daha yaxşı əks etdirilməsi üçün hansı dəyişikliklərin zəruri olduğunu müzakirə etdilər.
Təlimdə Ə.Əliyev adına ADHTİ-nin pediatriya, mamalıq və ginekologiya, tibbi mikrobiologiya və epidemiologiya, səhiyyənin təşkili və menecmenti, infeksion xəstəliklər və kliniki mikrobiologiya, ailə təbabəti və dermatovenerologiya kafedralarının əməkdaşları iştirak etdilər.