22 iyul 2026-cı il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və növbəti addımlara həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir ölkədə uşaqlar arasında peyvəndlənmə səviyyəsini qiymətləndirmək üçün keçirilmiş sorğunun nəticələrini təqdim etmək, immunoprofilaktika sahəsində mövcud vəziyyəti və çətinlikləri müzakirə etmək məqsədilə təşkil edilib. Dəyirmi masada peyvəndlənmə dairəsinin genişləndirilməsinə və dövlət proqramının səmərəli icrasına kömək edəcək tövsiyələrin hazırlanması məsələləri də nəzərdən keçirilib.
Tədbirdə ölkədə uşaqlar arasında peyvəndlənmə səviyyəsini artırmaq və bu sahədə müxtəlif məsələləri həll etmək üçün yaradılmış işçi qrupun üzvləri iştirak ediblər. Həmin qrupa Səhiyyə Nazirliyi, TƏBİB, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ə.Əliyev adına ADHTİ, ATU, 2 nömrəli Bakı Baza Tibb Koleci və digər müəssisələrdən olan nümayəndələr daxildir.
Dəyirmi masada işçi qrupun üzvləri olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun epidemiologiya və mikrobiologiya kafedrasının müdiri Nigar Mütəlimova, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, tədbirə dəvət olunmuş TƏBİB Pediatriya Mərkəzinin direktoru, institutun pediatriya kafedrasının assistenti Erkin Rəhimov çıxış ediblər.
Dəyirmi masada mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər müzakirə edilib.