2024-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təqvim planlarına daxil edilmiş və müvəffəqiyyətlə tədris olunan Təməl Həyat Dəstəyi (THD; BLS-Basic Life Support), Təkmil Həyat Dəstəyi (ALS), Neonatal Reanimasiya Proqramı (NRP), Təkmil Pediatrik Həyat Dəstəyi, Mamalıqda Təkmil Həyat Dəstəyi, Stressin İdarə Olunması kimi kursların məqsədi Azərbaycanda tibbi yardım sisteminin təkmilləşdirilməsi, ölkədə tibb işçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Həmin kurslarda kafedralarda keçirilən bütün ixtisasartırma kurslarının müdavimləri iştirak edirlər. 2025-2026-cı tədris ilində Təməl Həyat Dəstəyi kursları 7892 nəfər müdavimə tədris olunmuşdur.
Kurslar öncədən xüsusi hazırlıq keçmiş təlimçilər dosent Mətanət Qaraxanova (pediatriya kafedrası), Şəfa İbadullayeva (stomatologiya və üz-çənə cərrahiyəsi kafedrası), Mehriban Məmmədova (nevrologiya və klinik neyrofiziologiya kafedrası) və Təranə Əsadova (anesteziologiya və reanimatologiya kafedrası) tərəfindən keçirilir. Təməl Həyat Dəstəyi kurslarında təlim standart alqoritmlərə uyğun aparılır, böyüklərdə, uşaq və körpələrdə, hamilə qadınlarda ürək-ağciyər canlandırılmasına dair geniş məlumatlar təqdim edilir. Kursun sonunda müdavimlərə aldıqları bilikləri praktiki məşğələlərdə manekenlər üzərində sərbəst alqoritm şəklində icra etmək imkanı da yaradılır.