Ə.Əliyev adına ADHTİ-də Təməl Həyat Dəstəyi kursları davam edir
06.01.2026
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2025-2026-cı tədris ili üçün hazırlanan təqvim planında bütün kafedralarda Təməl Həyat Dəstəyi (BLS-Basic Life Support) kursunun keçirilməsi nəzərdə tutulmuşdur. Buna əsasən kafedralarda öncədən hazırlanmış cədvələ əsasən müdavimlərə 1 günlük BLS təlimi keçirilir. Həmin kurslarda standart alqoritmlərə uyğun böyüklər, uşaq və körpələrdə aparılan ürək-tənəffüs canlandırılması tədbirləri və AED istifadə prinsiplərinin düzgün tətbiqinə dair, videolardan istifadə etməklə, geniş məlumatlar təqdim edilir və manekenlər üzərində əyani nümayiş olunur. Kursun sonunda praktiki məşğələlərdə müdavimlərə manekenlər üzərində sərbəst işləmək imkanı da yaradılır.
2025-ci ilin sentyabr-dekabr aylarında öncədən təlimatlandırılmış institutun əməkdaşları (pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti Mehriban Məmmədova, dermatovenerologiya kafedrasının assistenti Mədinə İsmayılova, yoluxucu xəstəliklər kafedrasının assistenti Aytən Nəcəfova, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı Şəfa İbadullayeva) tərəfindən aparılan kurslarda 2354 nəfər müdavim iştirak etmişdir. Hər təlimin sonunda müdavimlər əldə etdikləri bacarıqlara görə öz minnətdarlıqlarını bildirmişlər.
Yeni 2026-cı ildə də bu təcrübənin davam etdirilməsi nəzərdə tutulur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.