Belarus Respublikasının səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov Ə.Əliyev adına ADHTİ-ni ziyarət ediblər
28.10.2025
Belarus Respublikasının səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu ziyarət ediblər. Hörmətli qonaqlar rektor professor Nazim Pənahovla birlikdə Azərbaycanın tanınmış siyasi və dövlət xadimi professor Əziz Əliyevin xatirə muzeyində olan fotoşəkillər və eksponatlarla tanış olmuş, qonağa onun siyasi və ictimai fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Bu zaman Ə.Əliyevin instituta rəhbərlik etdiyi dövr xüsusi vurğulanmışdır.
Professor Nazim Pənahov institutun tarixi haqqında məlumat verərək təmsil etdiyi təhsil müəssisəsində hazırda müasir tələblərə cavab verən şəraitin yaradılmasından, tədrisdə qabaqcıl informasion-kommunikasion texnologiyaların tətbiqindən, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən söz açdı. Qeyd edildi ki, son illərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini müşahidə etmək olur. Bu hal tibb tədrisi sistemindən də yan keçməyibdir. İnstitutumuzla Belarus Dövlət Tibb Universiteti arasında akademik, elmi və təhsil əməkdaşlığının inkişafı, həmçinin qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Akademik Əməkdaşlıq haqqında Razılaşmanın olması buna bir sübutdur. Bu Razılaşmaya görə hər iki təhsil müəssisəsinin birgə həyata keçirə biləcəkləri ortaq layihələr və əməkdaşlıq perspektivləri reallaşmağa başlamışdır. Hər iki təhsil müəssisəsində təhsil alan tələbə və rezidentlərin mübadiləsi, qarşılıqlı və birgə elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsi kimi məsələlər haqqında da danışıqlar aparılır.
Görüş zamanı Azərbaycanda və Belarus Respublikasında diplomdan sonrakı tibb təhsilinin mövcud tendensiyaları və problemləri də müzakirə olundu, əməkdaşlıq qurulması və qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı əməkdaşlıq edilə biləcək sahələr dəqiqləşdirildi və qərara alındı ki, tədrisin idarə edilməsinin müasir standartlara uyğun təşkili məsələlərində əməkdaşlıq və təcrübə mübadiləsinə geniş yer verilsin.
Görüşün sonunda səmimi qəbula görə minnətdarlığını bildirən Belarusun səhiyyə nazirinin müavini bu cür görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğuladı.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.