
Beş il əvvəl Azərbaycan ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qaldı.
Sentyabrin 27-də başlanmış və 44 gün davam etmiş 2-ci Qarabag müharibəsində müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qalıb gəlməklə Vətənimizin suverenliyini bərpa etdi. Vətən müharibəsi xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qaldı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Bütün Azərbaycan xalqı kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi də 2-ci Qarabag müharibəsində şəhid olmuş qəhrəman ogullarımızın əziz xatirəsini daim yad edir.
Şəhidlərimizi ehtiramla anırıq! Qəhrəmanlar unudulmur!