23.09.2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. 2025/2026-cı tədris ilində Əliyev adına ADHTİ-də tədris prosesinin vəziyyəti və qarşıda duran vəzifələr.
Məruzəçi: prorektor dosent Təyyar Eyvazov
2. Müxtəlif məsələlər.
I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov məruzə edərək bildirdi ki, 2025/2026-cı tədris ilinin təqvim planıın tərtibatında bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə 2 həftəlik tematik kursların sayının 5 olmaqla təqvim ili ərzində 4 dəfə təkrarlanması, tematik kursların yenilənməsinin minimum 20% olması, icra olunan dövlət proqramlarının yerinə yetirilməsinin nəzərə alınması, peşə hazırlığı kurslarının keçirilməsi, distant və səyyari kursların planlaşdırılması və seminar /treninqlərin ancaq sifarişlə keçirilməsi prinsipləri nəzərə alınmışdır. Tədris ilində keçiriləcək 45 ixtisas üzrə 734 ixtisasartırma kursuna 9914 müdavimin qatılacağı planlaşdırılır. Onlardan 8-i səyyar, 21-i distant kurs olacaqdır.
Sonra prorektor gələn tədris ilində kafedralarda tələbat olan mövzular üzrə kursların keçirilməsi haqqında xüsusi danışaraq həmin kursların müasir standartlara uyğun aparılmasının vacib olduğunu qeyd etmişdir. Artıq başlanmış tədris ilində kafedralar üzrə nizam-intizam və digər məsələlər üzrə mütəmadi yoxlamaların aparılmasına,peşə hazırlığı kurslarının yekun imtahanları üçün testlərin nəzərdən keçirilməsi və yenilənməsinə, pre- və posttest qiymətləndirilməsində testlərin kursun mövzusuna uyğunluğunun təmin edilməsinə, BLS kurslarının tədrisinın bütün müdavimlər üçün aparılmasına, tibbi pedaqogika kurslarına professor-müəllim heyətinin cəlb olunmasına, yeni ixtisaslar üçün Diplomdansonrakı Təhsil Proqramlarının tərtib olunmasına xüsusi fikir veriləcəkdir.
I məsələ üzrə terapiya fakültəsinin dekanı t.e.d. Zemfira Quliyeva da çıxış edərək 2025/2026-cı tədris ilində Dölət Proqramları və Fəaliyyət Planlarının, Səhiyyə Nazirliyi Tədbirlər Proqramının yerinə yetirilməsinin gedişatı və xüsusiyyətlərindən danışdı, əldə olunmuş yekun nəticələri iclas iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, hal-hazırda institutumuzda səhiyyə üzrə 7 Dövlət Proqramı, Fəaliyyət Planı və Tədbirlər Proqramı icra olunur.
I məsələ üzrə cərrahiyyə fakültəsinin dekanı t.ü.f.d. Şadoğlan Cabbarov da çıxış edərək peşə hazırlığı kurslarının yekun imtahanları üçün testlərin nəzərdən keçirilməsi və yenilənməsinin vacibliyi haqqında danışdı. O qeyd etdi ki, test bazasının səhiyyənin müasir səviyyəsi nəzərə alınmaqla tərtib olunmuş suallarla zənginləşdirilməsi günün aktual məsələsidir.
İnstitutun rektoru professor Nazim Pənahov çıxış edərək 2025/2026-cı tədris ilində qarşıda duran vəzifələrdən danışdı. O, çıxışının əvvəlində Səhiyyə Naziri cənab Teymur Musayevin sərəncamı ilə instituta yeni təyin olunmuş beynəlxalq əlaqələr üzrə prorektor Rüfət Hüseynlini, təlim-tərbiyə işləri üzrə prorektor Adilə Rzayevanı, təsərrüfat işləri üzrə prorektor Röyal Süleymanovu və institutun plastik və rekonstruktiv cərrahiyyə klinikasının baş həkimi Dilqəm Məmmədovu institutun kollektivinə təqdim etdi və onlara işlərində müvəffəqiyyət arzuladı.
Çıxışına davam edən Elmi Şura sədri professor Nazim Pənahov bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həcmdə fəaliyyətlərini davam etdirməlidirlər. Kursa gələn müdavimlərin daha dərin biliklər əldə etməsi hesabına müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlarin yetişdirilməsi prosesi qarşımızda duran əsas vəzifələrdəndir. Bunun üçün tədris prosesini daha da təkmilləşdirərək nizam-intizama dəqiq riayət etmək, planlaşdırılan bütün tədbirlərdə fəal iştirak etmək lazımdır. Rektor çıxışında institut qarşısında qoyulan vəzifələri yerinə yetirmək üçün hər bir əməkdaşın var gücü ilə çalışmasının vacib olduğunu xüsusi qeyd etdi.
Yekunda professor Nazim Pənahov institutun 90 illik yubileyi və bu yubileyi yüksək səviyyədə keşirmək üçün aparilan işlər haqqında məlumat verdi. Rektor qeyd etdi ki, 2025-ci ilin noyabr ayında institutun yaranmasının 90 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Qeyd edildi ki, ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. Rektor yubiley tədbirləri haqqında məlumat verərək bu tədbirlərin keçirilməsində cavabdeh olan əməkdaşlara tapşırıqların verildiyini bildirdi. İnstitutun 90 illik yubileyinə həsr olunmuş konfransın təntənəli açılışı Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 19 dekabr 2025-ci ildə Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransın təntənəli açılış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclas keçiriləcəkdir. Sonra rektor Elmi şura üzvlərinin nəzərinə çatdırdı ki, institutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının və Əziz Əliyev adına “Tibb və elm” elmi-praktik jurnalının institutun 90 illik yubileyinə həsr olunmuş buraxılışı üzərində işlər aparılır.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.