02-05 iyul 2025-ci il tarixlərində Almaniyanın Düsseldorf şəhərində Avropa Pankreatologiya Klubunun (EPC) 57-ci Toplantısını kecirilmişdir. EPC mədəaltı vəzinin öyrənilməsinə həsr olunmuş qeyri-kommersiya beynəlxalq elmi təşkilatıdır və 50 ildən artıqdır ki, Avropada pankreatoloqlar üçün peşəkar platformaya çevrilmişdir.
Bu tədbir Beynəlxalq Pankreatologiya Assosiasiyası (İAP) və Koreya Pankreatobiliar Assosiasiyasının (KPBA) təşkilatçılığı ilə təşkil olunmuşdu.Toplantının bu ilki proqramı əsasən pankreatologiyanın klinik aspektləri, xəstəliklərin diaqnostikası və müalicəsi üçün yeni və innovativ advans metodların öyrənilməsinə həsr edilmişdi. Bu möhtəbər tədbirdə ölkəmizi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir.
Tədbir 02 iyul 2025-ci il tarixində regionun ən böyük tibb müəssisələrindən biri olan Düsseldorf Universitet Xəstəxanasında post-diplom tədris proqramı ilə başlanmış və 4 gün ərzində davam etmişdir. 57-ci Toplantıda mədəaltı vəzi xəstəliklərinin öyrənilməsi ilə bağlı həmkarlar ilə görüşmək, layihələri müzakirə etmək və yeni əməkdaşlıqlar qurmaq üçün də geniş imkan yaradılmışdır. Nəticədə Azərbaycan pankreatologiyası üçün tarixi addım atılmışdır: Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) və Beynəlxalq Pankreatologiya Assosiasiyası (İAP) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumu AQİEC İdarə Heyətinın üzvü, Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Gülüstan Babayeva və Beynəlxalq Pankreatoloji Assosiasiyanın katibi professor Kyoichi Takaori (Yaponiya) imzalanmışlar.
Bu mühüm razılaşma ölkəmizdə pankreatoloji sahənin inkişafı üçün yeni imkanlar açır, Azərbaycan qastroenteroloqlarına Beynəlxalq Pankreatoloji Assosiasiyanın (IAP) tam hüquqlu üzvü olmaq imkanı yaradır.Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın pankreatoloji elminin beynəlxalq elmi cəmiyyətlərlə birbaşa inteqrasiyasına, müasir bilik və yeniliklərə çıxışına, həmçinin ortaq elmi layihələrin və təlimlərin həyata keçirilməsinə möhkəm zəmin yaradır.