13-14 iyun 2025-ci il tarixlərində Bakıda Azərbaycan Dermatovenerologiya Assosiasiyasının IV Beynəlxalq konqresi keçirilmişdir. Tədbirdə 345 dermatoveneroloq iştirak etmişdir.
Konqresin açılış mərasimində Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının Prezidenti Ə.Əliyev adına ADHTİ-nin dermatovenerologiya kafedrasının müdiri professor Sənan Kərimov, “G. Murkoni” adına Roma Dermatologiya və Venerologiya Universitetinin professor Torello Lotti, Qazaxıstan Dermatoveneroloqlar Dermatokosmetoloqlar Assosiasiyasının Prezidenti profrssor Qulnar Batpenova, Özbəkistan Səhiyyə Nazirliyinin Dermatovenerologiya və Kosmetologiya İxtisaslaşdırılmış Elmi- Praktik Tibb Mərkəzinin direktoru professor Uluqbek Sabirov çıxış etmişlər.
Konqresin elmi proqramı dematovenerologiyanın müxtəlif problemlərinə həsr olunmuş 10 panel və 3 satellit simpoziumlardan ibarət olmuşdur ki, burda da 44 məruzəçi öz elmi işlərini təqdim etmişlər. Onların arasında Azərbaycanlı məruzəçilərlə yanaşı Türkiyə, Gürcüstan, ABŞ, İtaliya, Almaniya, Qazaxıstan, Özbəkistan, Latviya, İran və Rusiyadan 27 spiker də olmuşdur.
Panellər dərinin piqmentasiyasının pozulması, ümumi dermatologiya, dermatoonkologiya, dermatokosmetologiya, saç xəstəlikləri və psixodermatologiyanın aktual məsələlərinə həsr olunmuşdular.
Ə.Əliyev adına ADHTİ-nin dermatovenerologiya kafedrasının əməkdaşları kafedra müdiri professor S.H.Kərimov “Dəri quruluğu- kseroz”, professor M.M. Cavadzadə “Varicella zoster virusunun törətdiyi xəstəliklərin diaqnostikası və müalicəsi, assistent L.K.Rzayeva “Skleroatrofik lixen”, assisten M.Y.İsmayılova “Sekukinumab psoriazın müalicəsində”, baş laborant S.İ.Teymurova “Piqment ləkələrinin müalicəsinə müasir yanaşma” mövzuları ilə çıxışlar etmişlər.
“Gənc dermatoveneroloqlar” panelində xəstə təqdimatları ilə kafedranın 6 rezidenti də uğurla çıxış etmişdir.
Konqresin nəticəsi olaraq Azərbaycan Dermatoveneroloqlar Assosiasiyası ilə Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Dermatovenerologiya və Kosmetologiya İxtisaslaşdırılmış Elmi-Praktik Tibb Mərkəzi, həmin Mərkəzin Qaraqalpaqıstan Muxtar Respublikasındakı filialı və Alma-Ata Dermatoveneroloqlar Assosiasiyası arasında əməkdaşlıq haqqında 3 memorandum imzalanmışdır.