29 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransının və “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransının açılış tədbiri olub.
Konfranslar Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Qarabağ Universitetinin, Səmərqənd Dövlət Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Türkiyə Respublikasından və Azərbaycanın müxtəlif bölgələrindən 120-dək yüksək ixtisaslı həkim-mütəxəssislər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev konfrans iştirakçılarını salamlayıb, qonaqlara əlamətdar təqvimdə iştirakları üçün təşəkkürünü bidirib. Rektor Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasını muxtar respublikada səhiyyənin inkişafında önəmli bir dönüş nöqtəsi olaraq qiymətləndirib. Bu günədək Tibb fakültəsindən mindən artıq həkim məzun olduğunu qeyd edən Elbrus İsayev hazırda Tibb fakültəsində 9 ixtisas üzrə, o cümlədən SABAH qruplarında azərbaycan və ingilis dili bölmələrində 2000-dən artıq tələbə təhsil aldığını diqqətə çatdırıb. Fakültənin məzunlarının dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərib, ölkəmizi layiqincə təmsil etdiyini qeyd edən rektor ötən illərdə hər zaman Tibb fakültəsinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb, bütün inkişaf dövlərində dövlət dəstəyinin olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. Vurğulanıb ki, 25 il öncə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması gələcəyə hesablanmış tarixi hadisə olub. Bu gün tam formalaşmış tibb təhsil ocağında, müasir tibb sahəsini əks etdirən tədris proqramları həyata keçirilir. Rektor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə NDU arasında əlaqələr Əməkdaşlıq Memorandumu ilə rəsmiləşib, ortaq layihələr ilə davamlı inkişaf etdiyini və möhkəmləndiyini bildirib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov konfransda iştirakdan məmnunluq ifadə edib, Tibb fakültəsinin təkmil strukturda fəaliyyətindən bəhs edib. Fakültədə tədrisin auditoriya dərsləri, klinikaya hazırlıq və kilinika dərsləri şəklində təşkili olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazim Qasımov əlamətdar təqvimin aktual mövzular başlığında konfraslar çərçivəsində işıqlandırılmasını daha yaddaqalan olacağını bildirib, uğurlar arzulayıb.
Videotəqdimatla çıxış edən Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev yubiley münasibətilə təbrik edib, NDU ilə əməkdaşlığın davamlı hər zaman yenilikçi fəaliyyətlərə yol açdığını ifadə edib.
Qarabağ Universiteti klinikasının direktoru, cənab Samir Babayev çıxışında dəvətə görə təşəkkürünü çatdırıb və NDU ilə işbirliyinin qurulmasını, Tibb fakültəsinin 25 il ərzində qazandığı təcrübələrin bölüşüməsi yolunda əməkdaşlıqlarını yüksək qiymətləndirib, tədbirdə iştirakdan məmnunluq ifadə edib.
Eyni zamanda Türkdilli Dövlətlərin Tibb Cəmiyyətlər Birliyinin sədri Serkan Eroğlu, Sakarya Universitetinin Tibb fakültəsinin dekanı Fatih Altıntorpak, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu, Naxçıvan MR Ali Məclisinin deputatı Elmar Rzayev təbrik nitqi ilə çıxış, Tibb fakültəsinə fəaliyyyətində uğurlar arzulayıblar.
Açılış tədbirindən sonra konfrans Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransında 3 istiqamət üzrə 3 paneldə 10 müəssisə tərəfindən 38 müəllif tərəfindən təqdim olunmuş 23 məqalə üzrə bölmə iclasları keçirilib. Azərbaycan Tibb Universitetinin 95 illi yubileyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransında 27 elm-təhsil müəssisəsi tərəfindən 7 panel üzrə 92 məruzəçi tərəfindən təqdim olunan 87 məqalə bölmə iclaslarında dinlənilib. Konfransda Ə.Əliyev adına ADHTİ-nun mamalıq və ginekologiya kafedrasının əməkdaşı G.M.Əfəndiyeva “Hamiləlik və Von Villebrand” adlı məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, Konfrans çərçivəsində 29-30 may tarixlərində Naxçıvan MR-dəki 3 xəstəxanada - Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində, Naxçıvan Sağlamlıq Mərkəzində və Referans Naxçıvan Tibb Mərkəzində müxtəlif ixtisas sahələri üzrə 25 həkim tərəfindən ödənişsiz tibbi aksiyalar təşkil olunub.