2025-ci il mayın 24-də TƏBİB, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirə 385 nəfərdən çox Azərbaycan və Türkiyədən olan iştirakçılar qatılmışdır. Konfransın əsas məqsədi ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmə olmuşdur.
Açılış nitqini Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının dosenti, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva etmişdir. O, rəhbərlik etdiyi ictimai birliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, keçirilən sağlamlıq aksiyalarından bəhs etmişdir.
Konfransın açılış mərasimində millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov,TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, Ə.Əliyev adına ADHTİ-nun səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri professor Hikmət İbrahimli,Yeni Klinikanın direktoru Barat Yusubov, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professsor G. Dadaşova çixış etdilər.
Daha sonra konfrans iştirakçılarına "Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək" adlı maarifləndirici videoçarx təqdim olundu.
Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif təqdimatlar baş tutmuşdur. Təqdimatlarda artıq çəkinin və piylənmənin ürək-damar, qaraciyər, pankreas, göz və endokrin sistemə təsiri, psixoloji səbəbləri, sağlam qidalanma, nəfəs texnikaları, tibbi və sosial yanaşmalar, həmçinin etik və ailədaxili aspektləri əhatə edən mövzular müzakirə olunmuşdur.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının dosenti t.e.d Yazgül Abdıyeva, ümumi və plastik cərrahiyyə kafedrasının dosenti t.e.d Aynur Səfiyeva panel moderatoru olmuşlar.
Konfrans iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, elmi bilik və praktik təcrübə mübadiləsi üçün faydalı platforma kimi qiymətləndirilmişdir.