Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:
1. 2025/2026 tədris ili üzrə təqvim planının müzakirəsi və təsdiq olunması
Məruzəçi: prorektor dosent Təyyar Eyvazov
2. İnstitutun strukturunda dəyişikliklər haqqında.
3. Müxtəlif məsələlər.
I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, təqvim planının əsas tərtib prinsipləri bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə 2 və 1 həftəlik kurslar, il ərzində təhsil proqramının ayrı-ayrı bölmələrinin 3-4 dəfə təkrarlanması, kursların minimum 20% yenilənməsi, icra olunan dövlət proqramlarının yerinə yetirilməsinin nəzərə alınması, peşə hazırlığı kurslarının keçirilməsi, səyyar kursların planlaşdırılması olmuşdur. 2025-2026-cı tədris ilində cərrahiyyə, terapiya və tibbi-profilaktika fakültələri üzrə cəmi 740 kurs nəzərdə tutulmuşdur.Onlardan 7-si səyyari,23-ü distant kurs olacaqdır. Həmin kurslarda 10552 müdavimin iştirak edəcəyi gözlənilir.
II məsələ üzrə rektor professor Nazim Qasımov çıxış edərək bildirdi ki, Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası (METL) və Kliniki Laborator Diaqnostika kafedrasını apardıqları eimi və tədris işlərindəki istiqamətləri nəzərə alıb təkrarlanmanı aradan qaldırmaq məqsədilə institutun strukturunda dəyişikliklər edilərək hər iki bölmənin birləşdirilməsi və Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının bütün ştatlarının və avadanlığının Kliniki Laborator Diaqnostika kafedrasının tərkibinə keçirilməsi təklif olunur.
Elmi Şura üzvlərinin yekdil qərarı ilə Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının bütün ştatlarının və avadanlığının Kliniki Laborator Diaqnostika kafedrasının tərkibinə keçirilməsi təsdiq olundu.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.
