13 may 2025-ci ildən doktoranturaya sənəd qəbulu başlamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 may 2025-ci il əmri ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tibb üzrə fəlsəfə doktoru proqramı üzrə ödənişli əsaslarla qiyabi doktoranturaya (ödənişli) sənəd qəbulu elan edir. Sənədlərin qəbulu
portal.edu.az saytından “Şəxsi kabinet” vasitəsilə elektron formada həyata keçirilir. Şəxsi kabinetə sənədlər yerləşdirildikdən sonra mütləq həmin sənədlərlə elmi hissəyə müraciət etmək lazımdır. Sənəd qəbulu
02 iyun saat 18.00-da bitəcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul üçün instituta (elmi hissəyə) aşağıdakı sənədlər təqdim edilir:
1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
2. Kadrların şəxsi-qeydiyyat vərəqi (təsdiq olunmuş);
3. Tərcümeyi-hal;
4. İş yerindən xasiyyətnamə (təsdiq olunmuş);
5. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (təsdiq olunmuş);
6. Çap olunmuş elmi işlərin siyahısı (təsdiq olunmuş), onların surətləri və ya seçilmiş ixtisas üzrə referat;
7. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun, internaturanın və ya rezidenturanın müvafiq qaydada (notarial qaydada) təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
8. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
Qeyd: Ərizədən başqa bütün sənədlər şəxsi kabinetə yerləşdirilməlidir.
Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının surətini DİM təqdim etməlidirlər və DİM tərəfindən sertifikatın orijinallığı və verifikasiyası haqqında verilən arayış almalıdırlar. Bu sertifikatlar Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.