05.05.2025-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi ilə Belarus Dövlət Tibb Universitetinin rektoru professor Sergey Rubnikoviç arasında görüş keçirilmişdir. Görüşdə ADHTİ-nin rektoru professor Nazim Qasımov və prorektor, dosent Təyyar Eyvazov iştirak etmişlər.
Görüş zamanı Azərbaycanda və Belarus Respublikasında diplomdan sonrakı tibb təhsilinin mövcud tendensiyaları və problemləri müzakirə olundu. Eyni zamanda hər iki təhsil müəssisəsinin birgə həyata keçirə biləcəkləri ortaq layihələr və əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. Hər iki təhsil müəssisəsində təhsil alan tələbə və rezidentlərin mübadiləsi, qarşılıqlı və birgə elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsi kimi məsələlər də müzakirə olundu. Görüşün sonunda rektorlar tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Belarus Dövlət Tibb Universiteti arasında akademik, elmi və təhsil əməkdaşlığının inkişafı, həmçinin qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Akademik Əməkdaşlıq haqqında Razılaşma imzalandı. Tərəflər, mövcud resurslar və qarşılıqlı maraqlar daxilində, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında qarşılıqlı maraq doğuran, arzuolunan və həyata keçirilə bilən aşağıdakı əməkdaşlıq sahələrini müəyyən etdilər:
1. Tələbə, müəllim və/və ya inzibati heyət arasında təcrübə mübadiləsi;
2. Fəlsəfə doktoru (PhD) hazırlığı proqramları çərçivəsində əməkdaşlıq;
3. Birgə elmi-tədqiqat fəaliyyəti və elmi nəşrlərin, xüsusən onkologiya, qastroenterologiya, daxili xəstəliklər, cərrahiyyə, farmakologiya, həmçinin süni intellekt, xərçəngin skrininq və profilaktikası kimi sahələrdə mümkün mübadiləsi;
4. Kurslar, konfranslar, seminarlar, təlimlər və mühazirələr daxil olmaqla birgə akademik və elmi tədbirlərin təşkili;
5. Elmi materialların, nəşrlərin və digər məlumatların mübadiləsi;
6. Müəyyən inkişaf sahələrində birgə təhsil layihələrinin həyata keçirilməsi;
7. Kvalifikasiya verən və verməyən təhsil proqramlarının həyata keçirilməsi daxil olmaqla digər əməkdaşlıq formalarının nəzərdən keçirilməsi;
8. Beynəlxalq və milli elmi-tədqiqat layihələrinin birgə hazırlanması və həyata keçirilməsi.