1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan bu təşkilata üzv qəbul olunub.1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.
2025-ci ildə “Sağlam başlanğıc, ümidli gələcək” şüarı altında ana və uşaqların sağlamlığına diqqəti cəlb edərək, ölkələrdə geniş maarifləndirmə tədbirlərin keçirilməsi ÜST tərəfindən tövsiyə olunur.
07 aprel 2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya kafedrasında Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş seminar keçirilmişdir. Seminarda institutun müdavimlərindən əlavə Gəncə, Xaçma və Şəki rayonlarından onlayn formatda qatılan müdavimlər də iştirak etmişlər. Kafedranın dosenti Mətanət Qaraxanova pediatr və neonatoloqlara çox yaxın olan ana və uşaq sağlamlığının sağlam ailələrin və icmaların təməli olduğunu və hamımız üçün sağlam gələcəyin təmin edilməsində böyük rol oynadığını vurğulamışdır. O, dörd və daha çox antenatal qayğı əlaqələrinin olmasının, qulluq etmə bacarıqlarını öyrənməyin, doğuşdan sonra qulluq tədbirləri kimi qlobal hədəflərin ölkələrdə ana və yenidoğulmuşların sağ qalmasına yönəldilən xidməti gücləndirə biləcəyini qeyd etmişdir. Bu hədəflərə çatmaq üçün ölkələrin kapitalı və ana sağlamlığının yaxşılaşdırılmasında qadın və qızların hüquqlarının qorunması kimi məqamlar da vurğulanmışdır. Dosent M.Qaraxanova ölkəmizdə tətbiq olunan “Hamilə qadınlar və 3 yaşa qədər uşaqlara universal-proqressiv xidmət modeli”ni xüsusi qeyd edərək, pediatr və neonatoloqlara həyata keçirdikləri fəaliyyətlərdə geniş maarifləndirmə tədbirlərinə yer ayırmağı tövsiyə etmişdir.
Seminarda ÜST 7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilən plakatlardan istifadə edilmişdir.