Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirilib
29.12.2025
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:
1. İnstitutun 90 illik yubileyinə həsr olunmuş tədbirlərin yekunları haqqında. Məruzəçi: Rektor professor Nazim Pənahov
2. Müxtəlif məsələlər.
I məsələ üzrə institutun rektoru professor Nazim Pənahov çıxış edərək bildirdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yarandığı gündən keçən 90 il ərzində şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilib. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 19.12.2025-20.12.2025-ci il tarixində keçirilən Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konqresi ölkəmizin tibb ictimaiyyətində geniş müzakirələrə səbəb oldu və hamı tərəfindən yüksək səviyyədə keçirilmiş bir tədbir kimi qiymətləndirildi. Konqresin rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə Komitəsinin rəhbər şəxsləri, millət vəkilləri, eləcə də yerli və xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri, nüfuzlu alimlər və səhiyyə ictimaiyyətinin nümayəndələrinin iştirak etməsi institutumuza olan diqqətin nümunəsidir. Konqres öncəsi Prezident İlham Əliyevin institutumuzun 6 əməkdaşını “Tərəqqi” medalı ilə təltif etməsi və açılış günü konqresin iştirakçılarına təbrik məktubu ilə müraciət etməsi möhtərəm Prezidentimizin institutumuza olan diqqət və qayğısını göstərir. Rektor bir daha bu yüksək qiymətə görə institutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Çıxışına davam edən professor Nazim Pənahov institutun əməkdaşlarının yubiley tədbirlərində yaxından iştirakını müsbət qiymətləndirdiyini söylədi və xüsusi qeyd etdi ki, kollektivimiz gələcək fəaliyyətində də möhtərəm Prezidentimizin məktubunda göstərildiyi kimi xarici həmkarlar ilə əməkdaşlığı daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə öz töhfəsini verəcəkdir.
Sonra rektor professor Nazim Pənahov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə institutun ictimai, elmi və tədris prosesində fərqlənmiş əməkdaşlarına yubiley hədiyyələri təqdim edib onların gələcək fəaliyyətində uğurlar arzuladı.
Institutun tədris prosesinə aid bir neçə məsələnin müzakirəsi aparıldıqdan sonra müsbət qərar qəbul edildi.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.