28-29 mart 2025-ci il tarixində Böyük Britaniyanın Birmingham şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 43 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Tədbirdə ölkəmiz Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və kafedranın asistenti, Cəmiyyətin vitse-prezidenti və ölkəmizin Federasiyadakı nümayəndəsi Aslan Məmmədov tərəfindən təmsil olunmuşdur.
Assambleyanın gündəliyində əsas müzakirə mövzularından biri 5-7 mart 2026-cı il tarixlərində Bakı şəhərində, Bakı Konqres Mərkəzində Azərbaycan Parodontologiya Cəmiyyəti və Federasiyanın birgə təşkilatçılığı ilə keçiriləcək "EFP Perio Master Clinic 2026" konfransı oldu. Konfransın təşkilat komitəsinin sədri Cavid Əhmədbəyli tədbirə hazırlıq prosesi barədə Federasiyanın İcraiyyə Komitəsinə və konfrans iştirakçılarına məlumat verdi. Eyni zamanda konfransın elmi komitəsinin sədri, Madrid Komplutense Universitetinin professoru Mariano Sanz tərəfindən təqdim olunan elmi proqram da iştirakçıların nəzərinə çatdırıldı.
Toplantı çərçivəsində Federasiyanın 2024-2025-ci illər üzrə fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may - Beynəlxalq Diş Əti Sağlamlığı Günü, 2025-ci ilin 13-18 may tarixlərində Vyanada keçiriləcək EuroPerio11 beynəlxalq konfransı, Federasiyaya yeni üzv ölkələrin qəbulu, müxtəlif komitələrin hesabatları, yeni nəşrlər, maarifləndirmə kampaniyaları və digər aktual məsələlər də geniş müzakirə olundu.
Aparılan seçki nəticəsində 2025-2026-cı illər ərzində Avropa Parodontologiya Federasiyasının prezidenti vəzifəsini Yunanıstanın Afina Universitetinin professoru Spyros Vassilopoulos icra edəcəkdir.Eyni zamanda dosent Cavid Əhmədbəyli Avropa Parodontologiya Federasiyasının Kommunikasiya Komitəsinin 2025-2028-ci illər üçün yeni tərkibinə də üzv seçildi. Bu komitə Federasiyanın kommunikasiya strategiyalarını və təşəbbüslərini idarə edərək parodontologiya sahəsində məlumatların effektiv şəkildə yayılmasını təmin edir.
Bundan əlavə rəsmi nümayəndələr üçün dünyanın aparıcı təhsil ocaqlarından biri olan Birmingham Universitetinin Stomatologiya Məktəbi və Xəstəxanasına xüsusi tur təşkil edildi. Ziyarət zamanı Stomatologiya Məktəbinin dekanı, görkəmli alim, professor Iain Chapple universitetin klinikası, auditoriyalar, təlim robotları, tədqiqat laboratoriyaları və elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi.