20-21 noyabr 2025-ci il tarixində Azərbaycan Tibb Universiteti və Azərbaycan Əczaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin yaradılmasının 95, Azərbaycanda ali əczaçılıq təhsilinin 85 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın Müasir Problemləri” mövzusunda VI Beynəlxalq elmi konqresi keçirilmişdir.
ATU-nun rektoru professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək əczaçılıq təhsilinin ölkəmizdəki tarixi inkişaf yolundan, bu sahənin formalaşması və möhkəmlənməsində görkəmli şəxsiyyətlərin xidmətlərindən söz açdı. O qeyd etdi ki, 1938-ci ildə Azərbaycan Dövlət Əczaçılıq İnstitutu yaradılmış və institutun ilk rektoru, əczaçılıq təhsilinin inkişafında müstəsna xidmətlər göstərmiş, tanınmış dövlət xadimi professor Əziz Əliyev olmuşdur.
Sonra konqresdə Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əczaçılıq kafedrasının müdiri dosent Elsevər Ağayev çıxış edərək Səhiyyə naziri Teymur Musayevin təbriklərini tədbir iştirakçılarına çatdırdı. Çıxışına davam edən dosent E.Ağayev bildirdi ki, yeni dərman preparatlarının hazırlanması, əczaçılığın iqtisadiyyatı, saxta dərmanlara qarşı mübarizə kimi mövzular konfransın əsas müzakirə xəttini təşkil edəcək, həmçinin süni intellektin əczaçılığa tətbiqi və dərmanların standartlaşdırılması sahəsində yeniliklər də diqqət mərkəzində olacaqdır.
Konqres yeni dərman maddələrinin sintezi, milli əczaçılıq sənayesi məhsulları, müasir dərman formalarının hazırlanma texnologiyası, əczaçılıq biotexnologiyası, təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi, təbii və sintetik madələrin bioloji fəallığının tədqiqi, farmakoterapiyanın problemləri, dərman vasitələrinin klinik sınaqları, əczaçılıq marketinqi, əczaçılıq reklamı, insan resuslarının idarə edilməsi, əczaçılıq qanunvericiliyində islahatlar, əczaçılıq təhsilində müasir yanaşmalar və s. kimi qlobal mövzuları və elmi istiqamətləri əhatə etmişdir.