Avstriyanın Zalsburq şəhərində yerləşən EB House Austria mərkəzində “Bullyoz epidermoliz və İxtioz” mövzusunda beynəlxalq elmi tədbir keçirildi. Tədbir Debra Austria, EB Clinet, Uniklinikum Salzburq təşkilarçılığı ilə Salzburger Landeskliniken (SALK) və Paracelsus Tibb Universitetinin (PMU) Dermatologiya və Allerqologiya Klinikası tərəfindən təşkil olunmuşdu. Tədbirdə Avstriya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Polşa və Almaniyadan gəlmiş mütəxəssislər iştirak etdilər. Azərbaycan nümayəndə heyətinə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları daxil idilər. Ə. Əliyev adına ADHTİ-ni institutun dermatovenerologiya kafedrasının müdiri t.e.d. Sənan Kərimov təmsil edirdi.
Tədbir çərçivəsində təşkil olunmuş seminar və dəyirmi masalarda iştirakçılar arasında təcrübə mübadiləsi baş tutdu, bullyoz epidermoliz və ixtioz kimi ağır irsi xəstəliklərin müalicə protokollarında yeniliklər və gələcək elmi əməkdaşlıq imkanları haqqında müzakirələr aparıldı. Bu zaman t.e.d. Sənan Kərimov nəzərə çatdırdı ki, Azərbaycanda nadir genetik dəri xəstəliklər qrupuna aid olan bullyoz epidermoliz və ixtiozun mualicəsinə dair Dövlət Proqramı mövcuddur və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu proqramı yerinə yetirmək üçün daimi işlər görür.