Azərbaycanda ana və uşaq sağlamlığı dövlətin səhiyyə siyasətində mühüm prioritet istiqamətlərdən biridir. Son illər ərzində bu sahədə görülən işlər gələcək nəsillərin sağlam formalaşmasına, həmçinin cəmiyyətin ümumi rifahının yüksəldilməsinə xidmət edir. Bu sahədə görülmüş işləri qeyd etməklə gənc nəslin sağlamlığının qorunması istiqamətində aktual problemləri təhlil etmək, bu sahənin inkişafına yönəlmiş yeni həll yolları barədə fikir mübadiləsi aparmaq üçün 2025-ci il 28 oktybr tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektoru, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB, Bakı Baş Səhiyyə Mərkəzi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Pediatriya Assosiasiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər tibb və təhsil müəssisələrin nümayəndələri iştirak etmişlər.
Dəyirmi masada Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova məktəb həkimlərinin əsaslı biliklərinin təkmilləşdirilməsi baxımından onlara şagirdlərin fiziki və psixoloji rifahının təmin olunmasına yönəldilən dispanserizasiya, ilk yardım, sağılam həyat tərzinin təşviqi kimi mövzularla xüsusi kursların təşkil edilməsi və digər tibbi sosial məsələlərlə bağlı çıxış etmişdir.
Tədbirin sonunda uşaqların sağlamlığı ilə bağlı müzakirə olunan məsələlərin təhlili və gələcək fəaliyyətləri həyata keçirmək məqsədilə müvafiq qurumların əməkdaşlığının əhəmiyyəti vurğulanaraq, işçi qrupun yaradılması qərara alınmışdır.