Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

26.02.2025

26 fevral 2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. Xocalı soyqırımından 33 il keçir.
Məruzəçi: dosent Z.M.Quliyeva
2. Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının hesabatı.
Məruzəçi: b.e.i. G.K.Hacıyeva
3. Pedaqogika, psixologiya, xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasının adında dəyşikliklər edilməsi haqqında.
4. İnstitutun 90 illik yubileyinə hazirlıq barədə.
Məruzəçilər: dos. T.H.Eyvazov, dos. M.T.Meybəliyev
5. Tədrisin təşkilinin bəzi məsələləri haqqında.
Məruzəçi: dos. T.H.Eyvazov
6. Pediatriya kafedrasının professoru vəzifəsinə seçilməsi.
7. Ümumi və plastik cərrahiyyə kafedrasının 0,5 vahid professoru vəzifəsinə seçilməsi.
8. Ailə təbabəti kafedrasının 0,5 vahid professoru vəzifəsinə seçilməsi.

İnstitutun rektoru professor Nazim Qasımov iclası öz çıxışı ilə açaraq toplantı iştirakçılarını 26 fevral 1992-ci il tarixində baş vermiş qanlı faciə nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.
Rektor öz çıxışında faciənin dəhşətli anlarını xatırlayaraq, bu hadisədən 33 il keçməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin tam layiqli cəzalarına çatmadıqlarını qeyd etdi və dünya ictimaiyyətinin bu hadisə ilə əlaqədar məlumatlandırılması istiqamətində dövlətimiz tərəfindən görülən işləri vurğuladı. Çıxışının sonunda professor N.A.Qasımov bu hadisəyə müxtəlif beynəlxalq qurumlar və xarici dövlətlər tərəfindən göstərilən münasibət haqqında da danışdı və qeyd etdi ki, Xocalı soyqırımı günü qurbanlar verildiyinə baxmayaraq inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq qazandığı müzəffər qələbə ilə özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi və soyqırım törətmiş cinayətkarların cəzalanması vaxtının çatdığını elan etdi.
Dosent Zemfira Quliyeva çıxış edərək bildirdi ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Faciə ilə əlaqədar Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmış və bu gün də Azərbaycan dövləti tərəfindən davam etdirilir. Ötən illər ərzində vətəndaşlarımız ümid edirdilər ki, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər vaxt gələcək tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. İndi həmin vaxt gəlib çatdı. Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Prezident İlham Əliyev tərəfindən Azərbaycan Bayrağı ucaldıldı. İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi Xocalıda da sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir. Bu gün artıq Xocalı kəndlərinin əhalisi öz doğma evlərinə dönməyə başlamışlar. İllər keçəcək Xocalı əvvəlkindən daha çox inkişaf etmiş bölgə olacaqdır. Amma törədilmiş soyqırım Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək və onların əziz xatirəsi gələcək nəsillər tərəfindən də daimi yad ediləcəkdir.
II məsələ üzrə baş elmi işçi Gülüstan Hacıyeva çıxış edərək Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının 2020-2024-cü illər üzrə hesabatını təqdim etdi.
III məsələ üzrə müzakirələr getdikdən sonra qərara alındı ki, kafedranın yeni adı “Pedaqogika kursu ilə səhiyyənin təşkili və menecmenti” kimi təsdiq edilsin.
IV məsələ üzrə prorektorlar dosent Təyyar Eyvazov və dosent Məhəmmədəli Meybəliyev çıxış edərək bildirdilər ki, institutumuzun 90 illiyi ilə əlaqədar təşkilat komitəsi yaradılmış, keçiriləcək tədbirlərin planı hazırlanmışdır. Bu plana institutun tarixini əks etdirən kitab və broşurların hazırlanması, institutun həyatında görkəmli rol oynamış şəxslərin həyat və fəaliyyətini əks etdirən materialların hazırlanlanması, xüsusi filmin çəkilməsi, bir sıra silsilə iclas və toplantıların təşkili və ən sonda beynəlxalq yubiley iclasının keçirilməsi daxildir. Yubiley iclasında dünya tibb elmində tanınmış bir çox alimlərin iştirakı gözlənilir. İnstitutun bütün əməkdaşları bu işə cəlb olunmalı və tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etməlidirlər. Artıq institutun tarixini əks etdirən kitab və broşurun hazırlanması başa çatmaq üzrədir, tamamlanma işləri gedir, sənədli filmin çəkilişi davam edir, yubiley konfransında çıxış etmək üçün müraciətlər qeydə alınır, məcmüə və jurnallarda çap olunmaq üçün məqalələr və tezislər toplanır.
V məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, tibbi pedaqogikanin təklif etdiyi metodikalarn müəllimlərimiz tərəfindən mənimsənilməsi və tətbiqi günün tələbidir. Beynəlxalq təcrübə göstərir ki, bu metodikalardan kafedralarda yararlanmaq həmişə müsbət nəticə verir. Tədrisin praktikyönümlüyünün artırılması da bu günün tələbidir. Ona görə də yeni tədris metodikalarında müəllim passiv məlumatlandırıcı deyil, yeni bilik va bacarıqların, peşə vərdişlərinin mənimsənilməsində aktiv iştirakçıdır. Yəni tədris prosesi müalicə va diaqnostika prosesindən ayrica deyil, inteqrasiya olunaraq aparılmalıdır. Bu isə kiçik qruplarda müdavimin müalicə va diagnostika prosesində bilavasitə iştirakı ilə aparıldıqda yüksək effekt verir. Tədrisin özəl tibb müəssisələrində aparılması prosesi də daha kiçik qrupların iştirakını tələb edir. Bütün bunları nəzərə alaraq təklif olunur:
1. Kafedralarda yeni tibbi pedaqoji metodların tətbiqinin təmin edilməsi və müvafiq nəzarətin və metodiki yardımın göstərilməsi təşkil edilsin.
2. Tibbdə yeni innovativ texnologiyaların tətbiqi, yeni peşə və bacarıqların mənimsənilməsinin zəruriliyi, müdavimlərin real obyektlərdən və ya simulyatorlardan istifadə etməklə diaqnostika və müalicə prosesində fəal iştirakının təmin edilməsi məqsədi ilə praktik məşğələlərin təşkilində cərrahiyyə profilli kafedralarda müəllimə düşən müdavim sayının 2 nəfər, terapevtik profilli kafedralarda isə 3 nəfər müəyyən edilsin. Müvafiq olaraq seminar məşğələlərində hər iki profil üçün bir qrupdakı müdavimlərin sayı maksimum 10 nəfər müəyyən edilsin.
Təkliflər müzakirə edildikdən sonra səsə qoyuldu və yekdilliklə təsdiq olundu.
Elmi şuranın gündəliyinin digər məsələləri olan professor elmi adının verilməsi üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX