Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir

22.01.2015

    Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Ə.Əliyev adına ADHTİ-də tədbir keçirilmişdir. Tədbiri İnstitutun rektoru t.e.d. Qasımov N.A. açdı: “Qanli 20 Yanvar” günü hər bir azərbaycanlının tarixinə yazılmışdır. “Heç kim və həç nə unudulmur" sözlərini gənc nəslə tövsiyyə etdi. Şəhidlərin ruhu bir anlıq sükut ilə yad edildi. Sonra bu mövzuda çıxış üçün söz hemotologiya kafedrasının müdiri Elmira Qədimovaya verildi. Elmira xanım canlı şahidi olduğu və Azərbaycan xalqının başına gələnləri öz məruzəsində bir daha açıqladı:
    - Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 25 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
    Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətini və səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur.
    1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarıldı, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edildi, ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edildiyi zaman neçə-neçə soydaşımızın, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu baglaması millətin səbir kasasını daşırmışdı. 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana brləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı yanvar qırğını törətdi. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq – aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusi ilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Həmin gün 137 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsinə çevrildi.
    66 min nəfərdən çox əsgər və zabit Bakı şəhərinə gətirilərək, Qala və Nasosnu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
    Yanvarın 19-da SSRİ DTK-nin “alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt müxtəlif yerlərdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki qoşun hissələrinin, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Xalq cəbhəsinin bəzi liderləri əhalıyə dagılmagı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü.
    Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. ”Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dagıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların-qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyidləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, ”islam fundamentalistləri”, ”pantürkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq, şəhərə hücum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış,onları vəhşıcəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardim göstərmək mümkün olmasın.
    Böyük öndərimiz Heydər Əliyev üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini göstərmişdi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
    Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, anneksiya siyasətinə qəti etirazını ifadə etmişdi.
    Fövqəladə vəziyyət rejiminə baxmayaraq yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə - Şəhidlər Xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı.
    20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Çünki bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli lider dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Dövlət səviyyəsində layihələr hazırlandı. Yalnız bundan sonra mətbuatımız da böyük qayğı ilə üzünü qanlı Yanvar hadisələrinin tarixinə yönəltdi. Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisələrin bütün təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi. Baş verənlərə obyektiv siyasi qiymət vermək çağırışı və təkidi ən çox ulu öndər Heydər Əliyevə məxsus idi. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Bu, xalqımızın, dövlətimizin milli tariximiz qarşısında müqəddəs borcu idi.
    Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq ugrunda mübarizəsini boğmaq,xalqi təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu,əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı.
    Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
    Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gəlmək əzmini bütün dünyaya nümayiş etdirdilər.
    Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.

ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN!

    Tədbirin sonunda Qanlı 20 yanvar hadisələrini əks etdirən xüsusi video-çarx nümayiş etdirildi.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX