Ə. Əliyev adına ADHTİ-də 18-19 noyabr 2014-cü il tarixlərində "Uşaqlar arasında geniş yayılmış xəstəliklər" mövzusunda Elmi-praktiki Konfrans keçirilmişdir

19. 11. 2014

    Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də pediatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması və həmin biliklərin beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın əhəmiyyətli rolu var. Bu proqramın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb təsdiq edilmışdir. Həmin tədbirlər planına üyğun olaraq Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ana və uşaq sağlamlığının qorunması sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün təlimlər keçirir. Bu təlimlərə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər də qatılırlar. Mütəmadi davam edən təlimlər ilə yanaşı institut 18-19 noyabr 2014-cü il tarixində “Uşaqlar arasında geniş yayılmış xəstəliklər” mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Konfransı giriş sözü ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N. A. Qasımov açdı. Rektor qeyd etdi ki,son illərdə Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişaf yolundadır. Bu inkişaf həm iqtisadiyyatı, həm sosial sferanı,həm də elm sahələrini əhatə edir. Dövlətimiz qarşısında duran prioritet məsələlərdən biri də genofondun qorunmasıdır. Bu məqsədlə ölkəmizdə son illərdə uşaqların sağlamlığının qorunması üçün müxtəlif səpgidə işlər görülür və tədbirlər həyata keçirilir. Bu tədbirlər arasında respublikamızda xüsusən geniş yayılmış uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri daha mühüm yer tutur. Həmin xəstəliklərin profilaktikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır. Bunu nəzərə alaraq çoxhörmətli Prezidentimiz cənab İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Bu proqramin icrası zamanı bir sıra mühüm məsələlərin həlli gözlənilir. Bunlardan icbari dispanserizasiyadan keçiriləcək uşaqların uçotunun aparılması, dispanserizasiyadan keçmiş uşaqların reqistrinin yaradılması, bu məlumatların mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyasının təmin edilməsi, o cümlədən bu tədbirlər çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə kliniki protokolların və müvafiq təlimatların hazırlanması, bu təlim mövzularının diplomaqədər və diplomdansonrakı tədris proqramlarına daxil edilməsi və başqalarıdır. Dövlət Proqramında xüsusi yer uşaqlar arasında yayılmış xəstəliklərin müalicəsi və profilaktikasında beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığa verilir. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu da tədbirlər planında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün elmi konfranslar və simpoziumlar keçirməyi planlaşdırmışdır. Bu günkü konfransımız həmin tədbirlərdən biridir.
    Konfransın birinci günü Avstriya Respublikasını təmsil edən Vyananın Tibb Universiteti, Uşaq və Yeniyetmə Təbabəti Kafedrasının Professoru Dieter Koller “Uşaqlarda allergik xəstəliklər: diaqnostika və müalicə” və “Pediatrik allerqologiyanın əsasları” mövzusunda məruzələri ilə yanaşı Respublika SN – nin Baş pediatrı, professor Nəsib Quliyevin ”Azərbaycanda uşaqlara tibbi xidmətin problemləri və perspektivlər”, professor İbrahim İsayevin ”Anadangəlmə ürək qüsurlarının prenatal diaqnostikası və profilaktikası”, professor Aslan Həsənovun ”Azərbaycanda uşaq əhalisi arasında nefroloji xəstəliklərin yayılmasının öyrənilməsı”, professor Surxay Musayevin ”Uşaqlarda birləşdirici toxumanın sistem xəstəlikləri zamanı steroid və immunoterapiyanın xüsusiyyətləri” və Azər Fərəcin “Exokardioqrafiya və genetika” mövzusunda çıxışları dinlənildi.
    Konfransın ikinci günü professor Dieter Kollerin “Uşaqlarda infeksion xəstəliklərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi". "Banal infeksiyaların müalicəsi”, İngiltərəli mütəxəssis Mərkəzi Klinikanın Pediatrik Kardiologiya üzrə məsləhətçisi, professor Andreas Petropolusun ”Uşaqlarda ən çox yayılmış anadangəlmə ürək qüsurları” və “Uşaq yaşlarında ən çox yayılmış ürək-damar sisteminin xəstəlikləri”, professor Lalə Allahverdiyevanın Naxçıvanın Duzdaq Mağarasında ”uşaqlarda bronxial astmanın qeyri-dərman müalicəsi”, dosent Səadət Hüseynovanın ”Vaxtından əvvəl doğulmuş uşaqlarda hipoksik-işemik ensefalopatiyaların ağırlıq dərəcəsinin qiymətləndirilməsinə müasir yanaşmalar”, dosent Sənubər Vəliyevanın “Azərbaycanda uşaqlarda raxit və D hipovitaminozunun yayılması”, dosent Rəqsanə Məmmədovanın ”Uşaqlarda bronxoobstruktiv sindrom” mövzusunda məruzələri dinlənildi. Bundan başqa Mərkəzi Neftçilər xəstəxanasının anesteziologiya və kardioloji reanimatologiya şöbəsinin müdiri professor Ermann Massa da “Multirezistent qramm müsbət endokarditlərin müalicəsi” mövzusunda məruzəsi ilə konfransa qatıldı.
    Konfransda Ə. Əliyev adına ADHTİ-nin həkim-müdavimləri, Respublikanın pediatrik xidmətinin həkimləri, uşaq xəstəxənaları və uşaq poliklinikalarının həkimləri iştirak etdilər. Konfrans praktik tibb mütəxəssislərinin çox böyük marağına səbəb oldu. Məruzəçilərə çoxsaylı suallar verildi, müxtəlif mövzularda elmi disskusiyalar aparıldı. Sonda professor A. Həsənov yekun sözü ilə çıxış etdi. İştirakçılar tərəfindən bu tip elmi tədbirlərin mütəmadi keçirilməsi arzu olundu.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX