Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sisteminin tətbiqi ilə bağlı mətbuat konfransı keçirildi

23.06.2017

    Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır. Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları üçün, onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Davamlı tibbi təhsil sisteminin bir çox elementləri artıq bir müddətdir Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvəffəqiyyətlə tətbiq edilməkdədir. 2017-2018-ci tədris ilindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə davamlı tibbi təhsil sisteminə keçid dövrü başlanacaqdır. Həmin əmrlə ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilmiş, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, onları öz işində rəhbər tutsunlar. Keçid dövrü üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılacaqdır.
    23 iyun 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sisteminin Respublikda ilk dəfə tətbiqi ilə bağlı mətbuat konfransı keçirildi. Konfransı institutun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, tətbiq ediləcək ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilinin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçəcəkdir. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaqdır.
    Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır.
    Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.
    Toplanma sisteminin davamlı tibbi təhsil üzrə akkreditə olunmuş tədris və elmi tədbirlərinə ölkədə və xarici dövlətdə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə akkreditə olunmuş konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirləri, davamlı tibbi təhsilüzrə akkreditə olunmuş ölkədə yaxud xarici dövlətdə keçirilən distant tədris proqramları aiddir. Davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlər, proqramlar Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunur.
    Elmi və pedaqoji fəaliyyətlərə ixtisas üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi ilə əlaqədar elmi fəaliyyət, beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə nəticələri dərc olunmuş ixtisas üzrə digər elmi fəaliyyət, tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya, yaxud texnikanın yeni metodlarının işlənib hazırlanması, ixtisas üzrə milli rəhbərliyin, dərsliyin, tədris və metodik vəsaitlərin, monoqrafiyanın, metodik tövsiyələrin, təhsil proqramlarının (kurikulumların) hazırlanması, tibb təhsili və ixtisas üzrə həkimləri təkmilləşdirmə proqramları çərçivəsində dərs verilməsi, rezidentlərin işinin kurasiyası, ali baza tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası, ölkədə, xarici və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibb təhsili proqramları çərçivəsində ixtisas üzrə seminarların, treninqlərin aparılması və digər tədris fəaliyyətinin həyata keçirilməsi aiddir.
    Müstəqil fəaliyyətə ixtisas üzrə elmi məqalələrin və tibbi ədəbiyyatın mütaliəsi, ixtisas üzrə audiovizual dinləmələr, yeni diaqnostika və müalicə metodlarını, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə ölkədə və ya xaricdə yerləşən tibb müəssisələrində ixtisas üzrə təcrübə keçmək aiddir.
    Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaqdır. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Təkmilləşdirmə kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcəkdir.
    Çıxışınin sonunda rektor qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həyata keçiriləcək pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə də tətbiqi baş tutacaqdır.
    Sonra institutun prorektoru dosent Təyyar Eyvazov çıxış edib bildirdi ki, davamlı tibbi təhsil sisteminin tərkib hissəsi olan distant təhsil artıq bir neçə ildir Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvəffəqiyyətlə tətbiq edilir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Bal nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. İndiyənə qədər 1435 müdavim distant təhsil üçün qeydiyyatdan keçmişdir, onlardan 210 nəfəri təhsili başa vurmuşdur.
    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, Elm və Təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova çıxış edərək nəzərə çatdırdı ki, Səhiyyə Nazirinin əmrinə uyğun olaraq nazirliyin müvafiq şöbələri davamlı tibbi təhsil sisteminin ölkədə tətbiqi üçün artıq fəaliyyətə başlamışlar və səhiyyə müəssisələrinin rəhbərlərinə onların tabeliyində olan həkimlərin davamlı tibbi təhsil almaları üçün şərait yaradılmasını təmin etmələri haqqında göstəriş verilmişdir. Sonra mətbuat işçiləri tərəfdən verilən suallar cavablandırılmışdır.



www.azertag.az
www.azertag.az
www.kaspi.az
www.az.apa.az
www.xebersaati.com
www.mektebgushesi.az
www.realpress.az
www.adalet.az
www.lent.az
www.azfakt.com


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX