Kurslara qəbulun yeni qaydaları təsdiq edilmişdir

13.10.2016

    Xəbər verildiyi kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kursların komplektləşdirilməsində yeni qaydalar tətbiq edilmişdir. Müdavimlərin kurslara qəbulu zamanı institutda vaxt itkisinə yol verilməməsi üçün göndərilmiş həkimlərin qeydiyyatı artıq bilavasıtə kafedralarda aparılır. Bu prosesdə qarşıya çıxan bir çox sualları aydınlaşdırmaq və iş prosesini sütətləndirmək üşün müdavimlərin qəbul qaydaları təlimat şəklində çap olunmuşdur. Yeni başlanmış 2016-2017-ci tədris ilində tədrisin modul sisteminə keçidlə əlaqədar həmin təlimatda əsaslı dəyişikliklər edilmişdir. Tibb müəssisələri rəhbərləri və kurslara göndərilən həkim-müdavimlərin də həmin qaydalarla tanış olması üçün təlimatın institutun rəsmi saytında yerləşdirilməsi məqsədəuyğun sayılmışdır:

   
Kurslara qəbulun yeni qaydaları və kafedra ilə institutun tədris hissəsi arasında
kurs müddəti ərzində yaranan məsələlərin icra qaydaları haqqında

Təlimat.


    Bu təlimat institutla kafedralar arasında dayanıqlı və etibarlı internet əlaqəsinin mövcudluğuna əsaslanır. Təlimatın tətbiqində məqsəd İK texnologiyalarından istifadə edərək müdavimlərin kurslara qəbulunun optimallaşdırılmasıdır.
    1. İki həftəlik ixtisasartırma kurslarına qəbul müvafiq kafedra tərəfindən kursun başlandığı 2 dərs günü ərzində aparılır. Bu müddət bitdikdən sonra qəbul prosesi dayandırılır, sonrakı dövrdə instituta müraciət etmiş həkimlərin kurslara qəbul olunması qadağandır və yalnız istisna hallarda institut rəhbərliyinin göstərişi əsasında aparıla bilər.
    Hal-hazırda işləməyən həkimlərin ixtisasartırma və ya peşə hazırlığı kurslarına qəbulu yalnız institutun tədris hissəsi tərəfindən müraciət əsasında müvafiq sənədlər və onların surətləri təqdim olunmaqla aparılır. Peşə hazırlığı kurslarının müddəti və başlama tarixi bütün təqvim ili ərzində 5 kafedra üçün (terapia, pediatriya, şüa diaqnostikası, stomatologiya və üz-çənə cərrahiyyəsi, laboratoriya işi kafedraları) ayrıca müəyyən olunubdur. Digər kafedralar üçün peşə hazırlığı kurslarının başlama tarixi reqlamentləşdirilməyibdir. Bu, həmin ixtisaslar üzrə müraciətlərin az olması ilə əlaqədardır. Həmin kafedralarda peşə hazırlığı kurslarının müddətlərini tədris hissəsi fərdi şəkildə, müraciət olduqca, bütün tədris ili boyu müəyyənləşdirir. Bu zaman qruplardakı müdavimlərin sayının ixtisasdan asılı olaraq 1-5 nəfər olması məğbul sayılır. Peşə hazırlığı kurslarının müddətlərinin kafedra ilə tədris hissəsi tərəfindən razılaşdırılması məqsədəuyğundur. Peşə hazırlığı kursları ixtisasdan asılı olmayaraq 8 həhtəlik müddətli olub tədris ilinin sonunadək bitməlidir. Kursun növbəti tədris ilinə keçirilməsi qadağandır. Keçiriləcək peşə hazırlığı kursunun keçirilmə tarixləri (5 kafedra istisna olmaqla) və bu kursa qəbul edilmiş həkimlər barədə məlumat kafedralara flektron poçt vasitəsilə planlaşdırılmış kursun başlanmasından 2 gün qabaq tədris hissəsi tərəfindən göndərilməlidir.
    2. Tədris hissəsi kafedralara ixtisasartırma kurslarına göndərilmiş həkimlər haqqında məlumatı (siyahını) elektron əmrdən çıxarış formasında və kursa qəbul vərəqəsinin elektron versiyasını cari kursun bitdiyi gün (və ya yeni kursun başlandığı müddətdən 2 gün əvvəl-həftənin 5-ci günü) kafedraların iş gününün sonunadək (16:12-dək) elektron poçt vasitəsilə göndərməlidir. Göstərilən müddət ərzində müxtəlif səbəblərdən kafedra kursa göndərilmiş müdavimlərin siyahısını almayıbsa, mütləq həmin gün institutun tədris hissəsinə təcili məlumat verməli və zərurət olarsa alternativ yolla siyahını əldə etməlidir. Kursa qəbul vərəqəsini, təlabat yarandıqca, kuratorlar əvvəlcədən tədris hissəsindən də əldə edə bilərlər.
    3. Kurator kafedrada müdavimlərin qəbul prosesini kursun başlanmasının 2-ci günü dərslərin sonuna - 15:00-dək aparmalıdır. Bu müddətdən sonra qəbul prosesi bitmiş hesab edilir.
    Kursa qəbul zamanı kurator (istisna hallarda kafedra müdirinin göstərişi ilə onu əvəz edən digər müəllim) göstərilən müddət ərzində kafedrada olmalı və kafedraya müraciət etmiş həkimləri şəxsiyyət vəsiqəsi və onun surəti əsasında siyahıya uyğun qəbul etməlidir. Siyahıda adı olan, lakin səxsiyyət vəsiqəsi və onun surətini təqdim etməyən müdavimin kursa qəbulu qadağandır. Bu halda müdavimə kafedrada qəbul prosesi bitənədək lazımı sənədin və onun sürətinin təqdim edilməsi barətə təlimat verilməlidir. Kursa göndərilmiş həkim məlumatlandırılmalıdır ki, həmin sənədin və onun surətinin bu müddətdən gec kafedraya təqdim edildikdə onun kursa qəbul olunması baş tutmamış hesab olunur. Kursa qəbul olunmamış həkimin kurslarda iştirakı qadağandır.
    Kursa qəbul prosesi kurator tərəfindən aşağıdakı qaydada aparılmalıdır:
    Müraciət etmiş həkim-müdavimdən şəxsiyyət vəsiqəsi və onun surəti tələb edilir.Bunun əsasında müdavimin adının kurs siyahısında olması dəqiqləşdirilir. Adı siyahıda olan müdavim şəxsiyyət vəsiqəsinin surətinin arxasında öz xətti ilə adı və soyadı, telefon nömrələrini, kursun adını və müddətini qeyd edir, imzasını qoyur.Bundan sonra kurator kursa qəbul vərəqəsinə müdavimin adını və soyadını yazır və müdavimə vərəqənin müvafiq qrafasında imzalatdırır. Əgər müdavim bölgədən gəlibsə onun ezamiyyət vərəqəsi götürülür. Ezamiyyət vərəqəsində müdavimin kafedraya müraciət tarixi qeyd olunur.
    4. Qəbulun 1-ci gününün sonunda kafedra tədris hissəsinə elektron poçt vasitəsilə siyahıda müvafiq qeydlər aparmaqla məlumat göndərməlidir. Bunun üçün siyahıda şəxsiyyət vəsiqəsini təqdim edib qrafasında kursa qəbul olunmuş müdavim üçün “+”s işarəsi qoyub məlumatı geri-tədris hissəsinə göndərməlidir.
    5. Kurslara göndərilmiş həkimlərin kursa qəbul vərəqəsi, ezamiyyət vərəqələri şəxsiyyət vəsiqələrinin sürətləri ilə birgə kursa qəbulun aparıldığı 2-ci iş gününün sonunadək tədris hissəsinə çatdırılmalıdır. Sənədlərin bundan gec çatdırılması qəbul prosesini pozur (qəbul olunmuş müdavimlərin adları həmin gün tədris hissəsi tərəfinfən Səhiyyə Nazirliyinin elektron qəbul əmrinə salınmalıdıır) və kurator buna görə məsuliyyət daşıyır. Kurator sənədləri tədris hissəsinə təqdim edərkən kursa qəbul olunmuş həkimlərin soy adları, adları bir daha qəbul əmri ilə tədris hissəsinin əməkdaşları ilə birgə tutuşdurularaq dəqiqləşdirilir. Elektron əmrin (siyahının) və kursa qəbul olunmuş həkimlərin ad və soyadlarının tutuşdurulduqdan sonra baş vermiş hər hansı qüsura görə kurator və\və ya tədris hissəsinin əməkdaşı məsuliyyət daşıyır.
    6.Kurslara ödənişli əsaslarla qəbul olunacaq həkimlər haqqında məlumatlar öncədən nişanlanmaq yolu ilə ümumi siyahıda Tədris hissəsinin müdiri tərəfindən icra edilməklə öz əksini tapır. Bu müdavimlər kurslara qəbul olunduğu gün yalnız tədrisin bitməsindən (15:00-dan) sonra məcburi qaydada institutun tədris hissəsinə göndərilməlidir. Ödənişli əsaslarla kurslara qəbul olunmuş müdavimlərə tədris hissəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə (mühasibatlııqda saxlanılması üçün) 17:00-a kimi müraciət etməli olduqları bildirilməlidir. Ödənişli təhsil alan müdavimlərin siyahısı tədris hissəsi tərəfindən fakultə dekanlarına təqdim olunmalıdır. Ödənişlərin icra edilib-edilməməsi barədə məlumatlar nəzarətdə saxlanmalı və kuratorla tədris hissə müdiri və fakultə dekanı arasında mütəmadi müzakirə edilməlidir.
    7. Kafedraya kursa qəbul üçün müraciət etmiş həkimin adı siyahıda olmadıqda tədris hissəsi ilə telefon vasitəsilə əlaqə saxlamaq və siyahının son variantında (tədris hissəsinin internet resursu vasitəsilə elektron əmrin son versiyası) həmin həkimin adının olub-olmaması dəqiqləşdirilməlidir. Əgər həkimin adı son siyahıda da yoxdursa ona işlədiyi müəssisənin kadrlar şöbəsinə müraciət etmək yolu ilə yalnız kursa qəbul olunması mümkünlüyü barədə təlimat verilir. Həkimə izah edilməlidir ki, institut hal-hazırda işləyn həkimi hər hansı bir kursa daxil etmək imkanına malik deyildir. Adı siyahıda olmayan həkimin kafedra tərəfindən kursa qəbulu qadağandır.
    8. Kafedra kuratoru kursa qəbul olunmuş müdavimlərin siyahısını tədris hissəsinə təqdim etdikdə həmin müdavimlərin müdavim biletlərinini götürməli və ertəsi gün kafedrada onlara təqdim etməlidir. Respublika klinik xəstəxanası bazasında yerləşən kafedralra müdavim bileti olmadan daxil olmaq qadağan olunduğu üçün yalnız bu kafedraların kuratorlarına müdavim biletləri müdavimin adı və soyadı göstərilmiş və möhürlənmiş halda hazırkı kursun bitməyinə 1 gün qalmış verilməli və müdavim kafedrada kursa qəbul olunduqda təqdim olunmalıdır. Kursa qəbul olunmamış həkimlərin adına yazılmış müdavim biletləri digər sənədlərlə birgə qəbul bitdiyi gün 17:00-a kimi tədris hissəsinə qaytarılmalıdır. Adı siyahıda olan, lakin səxsiyyət vəsiqəsi və onun surətini təqdim etməyən həkimə müdavim biletinin verilməsi qəti qadağandır.
    9. Səyyar və səyyar-distant kurslara qəbul elektron əmr(siyahı) əsasında eyni qaydalarla aparılmalıdır. Siyahıda adları olmayan həkimlərin kursa qəbul edilib-edilməməsi məsələsi bölgəyə ezam olunmuş kafedra əməkdaşı tərəfindən tədris hissəsi ilə telefon əlaqəsi vasitəsi ilə Səhiyyə Nazirliyinin elektron əmrinin (siyahının) son versiyası əsasında dəqiqləşdirilməlidir. Kafedra nümayəndəsi bölgədən qayıtdığı vaxtda (iş günü ərzində ) sənədləri tədris hissəsinə təhvil verməlidir. Sənədlərin təqdim olunmasında yubanmaya görə həmun kafedra əməkdaşı məsuliyyət daşıyır. Səyyar kursun təşkili və keçirilməsi məqsədi ilə bölgələrə ilkn ezam olunmuş kafedra əməkdaşı qəbul qaydaları barədə kurator tərəfindən təlimatlandırılmalıdır və buna görə kafedra müdiri və kurator məsuliyyət daşıyırlar.
    10. Kuratorlar vasitəsilə müdavimlərin nəzərinə bir daha çatdırılsın ki, kursların bitirilməsini təsdiq edən şəhadətnamələrin verilməsi imtahan günündən sonrakı 7 iş günü müddətində içra olunur və həmin sənəd bilavasitə həkimin özünə və ya etibarnamə əsasında həmin şəxsin şəxsiyyət vəsiqəsi təqdim olunmaqla digər şəxsə tədris hissəsi tərəfindən verilir.
    11. Sumqayıt şəhərində işləyən həkimlərə kafedra müdiri və kuratorun imzası ilə təsdiqlənmiş marşrut vərəqəsi verilməlidir. Marşrut vərəqəsinin nümunəsi kurator tərəfindən tədris hissəsindən götürülür. Marşrut vərəqəsi kafedraların kuratorları tərəfindən kursun bitməsinə 1 gün qalmış tədris hissəsinə təsdiq və möhürlənməsi üçün təqdim olunmalı və həmin gün tədris hissəsi tərəfindən icra edilməlidir. Bakı şəhərində işləyən həkimlərə kafedra müdirinin və kuratorun imzası ilə təsdiq olunmuş iş tabeli doldurulur və kursun bitdiyi tarixdən 1 gün əvvəl kurator tərəfindən tədris hissəsinə 15:00-dan 17:00-a kimi təqdim olunaraq təsdiqlənir və möhürlənir. Kursun keçirilmə tarixləri 2 təqvim aylarını əhatə etdikdə iş tabeli həmçinin təqvim ayının sonuncu günü qrup nümayəndəsi tərəfindən tədris hissəsinə 15:00-dan 17:00-a kimi təqdim olunaraq təsdiqlənir və möhürlənir. Bölgələrdə işləyən müdavimlərə iş tabelləri verilməməlidir.
    12. Ezamiyyə vərəqələri, kursun imtahan cədvəli ilə birlikdə tədris hissəsindən kafedranın kuratoru tərəfindən kursun bitməsinə 1 gün qalmış götürülməlidir. İmtahan vərəqələrinin vaxtında əldə edilməməsi imtahan prosesini pozur və buna görə kafedra müdiri və kurator məsuliyyət daşıyırlar. Respublika klinik xəstəxanası bazasında yerləşən kafedraların kuratorlarına həmçinin cari kursun bitməsinə bir gün qalmış növbəti kursa qəbul olunacaq həkimlərin müdavim biletləri də verilməlidir.
    13. Ezamiyyə vərəqələri, iş tabelləri, marşrut vərəqələri imtahan günü kafedra kuratoru tərəfindən müdavimlərə paylanmalıdır.
    14. İxtisaslar üzrə təhsil proqramının ayrı-ayrı modullarını əhatə edən kursların sonunda müdavimlər üçün İnstitut bazasında elektron imtahan təşkil edilmiş kafedralarda kursun bitməsindən 1 gün əvvəl müdavim biletləri kafedra müdiri tərəfindən imzalanaraq müdavimə qaytarılmalıdır. Müdavim biletlərinin müdavimlərə imtahandan sonrakı müddətlərdə imzalanaraq qaytarılması qadağandır və buna görə kafedra müdiri və kurator məsuliyyət daşıyırlar. Müdavimlərə imtahanın keçirilmə yeri və vaxtı barədə təlimat verilməlidir. Həmin kafedraların kuratorları bu tip imtahan təşkil olunmuş kursların müdavimlərinə aid olan iş tabelləri və marşrut vərəqələrini kursun bitməsinə 1 gün qalmış doldurulmuş və imzalanmış halda tədris hissəsinə təhvil verməlidir. Həmin müdavimlərə ezamiyyə vərəqqələrinin, iş tabellərinin və marşrut vərəqələrinin paylanması imtahan müddətində tədris hissəsi tərəfindən icra olunur. Kursların nəticələrini əks etdirən imtahan cədvəlləri imtahanın sonunda informatika şöbəsi tərəfindən doldurulub imzalanaraq tədris hissəsinə təqdim olunmalıdır.
    15. İmtahan kafedrada keçirildikdə imtahan cədvəlləri doldurulmuş, imzalanmış halda növbəti kursun qəbul sənədləri ilə birgə tədris hissəsinə təqdim olunmalıdır. İmtahana gəlməyən və kəsilən müdavim (lər) olduqda kurator onların ad və soyadları göstərilməklə imtahan günü tədris hissəsinə elektron poçt vasitəsilə məlumat verməlidir.
    16. Kafedra müdirləri kuratorla birlikdə kurslara qəbulun düzgün təşkili üçün məsuliyyət daşıyırlar.
    17. Bu təlimat 12 oktyabr 2016-ci ildən qüvvəyə minir və 2015/16-cı tədris ilində tətbiq olunmuş təlimat qüvvədən düşmüş hesab edilir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX