Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

03.10.2016

    30 sentyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

    1. Distant təhsilin təşkili və mövcud vəziyyəti haqqında. Tədrisin cari məsələləri.

             Məruzəçi: prorektor T.H.Eyvazov

    2. İnstitutun 2017-ci ilə elmi-tədqiqat işlərinin planlaşdırılmasına dair.

             Məruzəçi: prorektor M.T.Meybəliyev

    3. Dissertanturada və doktoranturada hazırlıq barədə.

             Məruzəçi: elmi katib L.B.Bəxtiyarova

    4. Müxtəlif məsələlər.

    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
    I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. O qeyd etdi ki, distant təhsilin ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit ballar verilir və uyğun sertifikat təqdim olunur. Distant təhsilin pilot layihə kimi tətbiq olunduğu terapiya və pediatriya kafedralarında alınan ilk nəticələrin anlizi göstərdi ki, bu təhsil formasının həkimlər arasında təbliği hələki istənilən səviyyədə deyildir. Ancaq dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmış distant təhsili ölkəmizdə kütləviləşdirmək üçün fəaliyyətimizi davam etdirməliyik. Bu prosesi daha da genişləndirmək üçün institut rəhbərliyi distant təhsil formasının bütün kafedralarda tətbiq olunması haqqında qərar vermişdir.
    Elmi Şura üzvlərinə qərarla bağlı məlumatlar verildi və qarşıya çıxacaq texniki məsələləri həll etmək yolları göstərildi.
    Sonra prorektor T.H.Eyvazov tədrisin cari məsələləri haqqında məlumat verərək bildirdi ki, başlayan tədris ilində bir çox yeniliklər tətbiq olunmuşdur. Yeniliklərdən ən başlıcası odur ki, ilk dəfə olaraq təqvim planının tərtib olunmasında modul sistemindən istifadə edilir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür. Həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır. Eyni zamanda müdavimlərin qeydiyyatını uyğun kafedralara keçirməklə onların qeydiyyatı tezləşmişdir.
    Bununla yanaşı kafedralarla dekanlıq və tədris şöbəsi arasında əlaqələrin elektron poçt vasitəsilə aparılması bu prosesi daha da yüngülləşdirmişdir.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki,distant təhsil forması institutun bütün kafedralarında həyata keçdikdən sonra bu, həkim-dinləyicilərin ixtisasartırma təhsilində irəli atılmış mühüm bir addım olacaqdır.
    Bununla yanaşı tədris prosesinin təkmilləşdirilməsi və modernləşdirilməsi üçün fəaliyyətimizı də davam etdirmək əzmindəyik. Bir neçə il bundan əvvəl müdavimlərin qeydiyyatının institutda necə ajiotajla keçdiyi hamının yadındadır.
    Müasir texnologiyaların tətbiqi və iş strukturunun yenidən qurulması hal-hazırda bu prosesi maksimal dərəcədə tezləşdirmiş və asanlaşdırmışdır. Bu istiqamətdə işlər davam edəcəkdir.
    II məsələ üzrə prorektor M.T.Meybəliyevin çıxışı dinlənildi. Qeyd olundu ki, institutda AMEA-nın Respublikada Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun istiqamətlərdə elmi-tədqiqat işləri aparılır. Həmin işin mövzusu «Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri,proqnozlaşdırılması və profilaktikası»dır. İşin tərkib hissəsi kimi 2 problemin həll olması planlaşdırılmışdır:
    I problem – “Azərbaycanda əhali arasında əsas qeyri-infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası”nın icrası 2020-ci ildə yekunlaşacaqdır.
    II problem – “Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası” üzrə 2016-cı ildə 10 elmi tədqiqat işi bitirilməlidir və təbii ki, yeni mövzular planlaşdırılacaqdır.
    2016-ci ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olraq Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-ci illər üçün Dövlət proqramlarına dair əmrlər verilibdir:
    1. ”Azərbaycan Repsublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2016 – 2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi barədə.
    2. ”2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi barədə.
    3. ”2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə.
    4. ”2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə.
    5. ”2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə.
    6. ”2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə.
    7. ”2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”- nın həyata keçirilməsi barədə.
    Proqramların icrası ilə əlaqədar Ə.Əliyev adına ADHTİ üzrə də tapşırıqlar verilib və həmin tapşıirıqlar həm təhsil bölməsində, həm də elmi bölmədə yerinə yetirilir.
    Sonra dosent M.T.Meybəliyev öz çıxışına davam edərək dedi ki, bu proqramlar kafedralara paylanılıb və 2017-ci il və sonraki illər üçün planlaşdırılan bütün elmi-tədqiqat işlərinin mövzuları bu Dövlət Proqramlarına uygun olmalıdır. Hal-hazırda Elmlər Akademiyasına ”Azərbaycan Repsublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2016-2020-ci illər üçün Strategiya”ya uyğun olan 2016-2017-ci illər üçün planlaşdırılmış aşağıdaki işləri təqdim etmişik: 1. «Azərbaycanda əhali arasında ürəyin işemik xəstəliyin yayılmasının öyrənilməsi» (kardioloqiya kafedrası).
    2. «Azərbaycan Respublikasında 2-ci tip şəkərli diabetli xəstələrdə subklinik və klinik orqan zədələnmələrinin epidemioloji, kliniki-diaqnostik və müalicəsinin xüsusiyyətləri» (terapiya kafedrası).
    3. «Azərbaycanda əhali arasında diabetik nefropatiyanın diaqnostikası, yayılması, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi (nefrologiya kafedrası).
    4. «Sinir sistemi xəsəliklərinin tibbi-sosial nəticələrini kompleks qiymətləndirməklə Azərbaycan Respublikasında nevroloji yardımın inkişaf planının elmi əsaslandırılması» (sinir xəstəlikləri kafedrası).
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, Ə.Əliyev adına ADHTİ həm Səhiyyə Nazirliyi, həm də AMEA tərəfindən qarşıya qoyulan tapşırıq və layihələri həmişə yüksək səviyyədə yerinə yetirir və göstərilən Dövlət Proqramlarının həyata keçməsində də fəal iştirak edəcəkdir.
    III məsələ üzrə institutun elmi katibi dosent L.B.Bəxtiyarova məruzə etdi və qeyd etdi ki, hal-hazırda institutumuzda 41 dissertant və doktrant var. Elmi katib aparılan elmi işlərin istiqamətləri və hal-hazırkı durumu haqqında məlumat verdi. Qeyd olundu ki, ayrı-ayrı kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərində ləngimələrin olması, işin gedişinin plandan geri qalması müşahidə olunur. Axırıncı Elmi Şuradan keçən müddət ərzində bütün dissertant və doktrantların hesabatları dinlənilmiş və hər birinin qarşısında konkret vəzifələr qoyulmuşdur. İşi yekunlaşdırmaq üçün onlara dəqiq vaxt təyin edilmişdir.
    İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX