Fəxrlərimiz. Professor İsrafilova Nilüfər Mövsüm qızının anadan
olmasının 90 ili tamam olur

23.09.2016

    4 oktyabr 2016-cı ildə Azərbaycanda pediatriyanın inkişafında mühüm rol oynamış, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının uzun illər müdiri olmuş tibb elmləri doktoru, professor Nilüfər Mövsüm qızı İsrafilovnın anadan olmasının 90 ili tamam olur.
    Professor N.M.İsrafilova 4 oktyabr 1926-cı ildə Bakı şəhərində Azərbaycan səhiyyəsının təşkilatçılarından biri olan professor Möhsün Nəcməddin oğlu İsrafilbəyovun ailəsində anadan olmuşdur.
    1944-cü ildə Bakı şəhərində 134 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunan N.M.İsrafilova təhsilini 1949-cu ildə müvəffəqiyyətlə başa vurmuşdur. O, 1950-1956-cı illərdə ölkənin müxtəlif tibb müəssisələrində sahə həkimi və ordinator vəzifəsində çalışdıqdan sonra 1956-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında aspiranturaya qəbul olunmaqla elmi fəaliyyətə başlayır. Həmin kafedrada N.M.İsrafilova 1961-1965-ci illərdə assistent, 1965-1967-ci illərdə dosent, 1967-1969-cü illərdə böyük elmi işçi kimi işlədikdən sonra 1969-1994-cü illər müddətində kafedranın müdiri vəzifəsində çalışmışdır.
    Azərbaycanda uşaq nefrologiyasının inkişafında professor N.M.İsrafilovanın əvəzsiz xidmətləri var. Onun rəhbərliyi altında uşaqlarda nefroloji xəstəliklərin diaqnostika və müalicəsində yeni müayinə metodları işlənib hazırlanmış və praktik səhiyyəyə tətbiq olunmuşdur. Minlərlə uşağın həyatını xilas edən professor N.M.İsrafilova Azərbaycanda uşaqların sağlamlığı uğrunda həyata keçirilən tədbirlərdə öndə gedənlərdən olmuşdur.
    Pediatriyanın bir çox sahələrini əhatə edən yüzlərlə elmi işlərin müəllifi olan professor N.M.İsrafilova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında tədrisin gedişinə, keyfiyyətinə və əməkdaşların hazırlığına ciddi nəzarət edərdi. O, öz işinə vicdanla və dəqiqliklə yanaşan əsl təcrübəli rəhbər olmuşdur. Nilüfər xanımın bilavasitə rəhbərliyi altında o dövrdə Respublika üçün aktual hesab edilən müxtəlif səpkili mövzular üzrə planlaşdırılmış elmi-tədqiqat işləri həyata keçirilmişdir.
    Pediatriya kafedrasında çalışan əməkdaşların elmi-pedaqoji kadr kimi yetişməsində, tədris prosesinin daha dolğun, maraqlı və yüksək səviyyədə keçirilməsində professorun rolunu xüsusi qeyd etmək lazımdır. Beləki, kafedrada hazırlanmış həkim-müdavimlərin, kliniki ordinatorların, aspirantların və stajorların əksəriyyəti sonralar yüksək ixtisaslı mütəxəssis kimi ölkəmizin müxtəlif bölgələrində çalışaraq professor Nilüfər İsrafilovanın yetirmələru olmaları ilə fəxr etmişlər. Professor N.M.İsrafilova 1973-1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə attestasiya komissiyasının sədr müavini kimi də fəaliyyət göstərmişdir.
    Professor N.M. İsrafilovanın kafedraya rəhbərlik etdiyi müddətdə təkmilləşdirilmə kurslarına cəlb olunan minlərlə həkimlərə oxuduğu pediatriyanın müxtəlif sahələrini əhatə edən maraqlı mühazirələr, onun rəhbərliyi ilə keçirilən xəstələrin müalicəsi ilə bağlı yaddaqalan müzakirələr indi də tez-tez xatırlanır.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun keçmiş rektoru akademik M.C.Cavadzadənin təşəbbüsü ilə 1993-cü ildə professor N.M.İsrafilovanın rəhbərliyi altında pediatriya kafedrasının nəzdində neonatologiya kursu təşkil ediləndən sonra ölkəmiz üşün böyük neonataloqlar ordusu yaradılmışdır.
    Professor N.M.İsrafilovada əsl pedaqoq istedadı, mühazirəçi ustalığı var idu. Bu xüsusiyyətlərinə görə Nilufər xanım Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ən yaxşı mühazirəçisi” adına layiq görülmüşdü. Professor N.M.İsrafilova həm də təcrübəli klinisist idi. O, pediatriya elmindəki fəaliyyəti ilə yanaşı uşaqların sağlamlığının qorunmasında praktik səhiyyədə fəal iştirakına görə “Səhiyyə Əlaçısı” döş nişanı və Azərbaycan Respublikası Ali Sovetinin “Fəxri Fərman”ları ilə təltif edilmişdir.
    Onun rəhbərliyi altında 10-dan artıq tibb elmləri namizədi hazırlanmışdır.
    Nilüfər xanım ötkəm davranışı, ətrafdakılara mehriban münasibəti və qayğıkeşliyi ilə daim anılır və onun xatirəsi tanıyanların qəlbində yaşayacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX